Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1005/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1, qərarından şikayət verilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 15.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan verilmiş şikayətində göstərmişdir ki, o, ünvan 1obi House” adlı mağazada telefon və onun aksesuarları, habelə müxtəlif növ oyuncaqların satışı ilə məşğul olur. 15.01.2021-ci il tarixdə Günel Baysal adlı şəxs bu mağazadan dəyəri 50 manat olan uşaq oyuncağı almış, daha sonra iki dəfə həmin oyuncağı nasaz vəziyyətdə qaytarıb əvəzinə yenisi götürmüşdür. G.Baysal üçüncü dəfə mağazaya gələrək sınıq oyuncağı verib pulunu geri tələb etmiş, o isə buna etiraz edib oyuncağın yenisi ilə əvəz olunmasını təklif etmişdir. Lakin sonuncu bununla razılaşmamış və bir müddət sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Problemin həlli ilə bağlı həmin quruma müraciət etsə də, onu orada qəbul edib dinləyən olmamışdır. Nəticədə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qeyd edir ki, müştəriyə satdığı malları “Sədərək” ticarət mərkəzindən topdan satış yerindən almış, bu malları alarkən onlara dair uyğunluq sertifikatının olub-olmamasına barədə ona heç bir məlumat verilməmidir. Ümumiyyətlə belə mallara dair uyğunluq sertifikatının mövcudluğu barədə məlumatı yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 15.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1005/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 15.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmiş, həmin qərardan verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1392/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1005/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 izahatında bildirdi ki, vətəndaş Baysal Günel tərəfindən quruma ünvanlanmış müraciətdə ünvan 1obi House” adlı mağazadan uşaq oyuncağının aldığını, lakin onda yaranmış nasazlıqla bağlı həmin mağazaya müraciət edib məsələni həll etmək istəsə də, buna nail ola bilmədiyini göstərmişdir. Xidmət tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həmin oyuncağı qeyd olunan mağazada sahibkarlıq fəaliyyətini həyata keçirən X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 343 nömrəli Qərarının tələblərinə müvafiq məcburi uyğunluq sertifikatı alınmadan satışını həyata keçirmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin tələbləri pozulduğu üçün X2 15.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 1.500 manat məbləğində cərimə olunmuşdur. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 15.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X2 (VÖEN: **********) uşaq oyuncağını uyğunluq sertifikatı olmadan satdığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Məsələ ilə bağlı məhkəmə qanunvericiliyin təhlilini nəzərdən keçirməyi zəruri bilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir (5-ci maddənin 2-ci bəndi); Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir (10-cu maddənin 5-ci bəndi); İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini və s. (18.0-ci maddə). “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: uyğunluq sertifikatı – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir (1.1.8-ci maddə); sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir (1.1.12-ci maddə); Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir (13.3-cü maddə). Bundan əlavə, qeyd olunan qərarla “Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların Siyahısı” təsdiq olunmuş və uşaq oyuncaqları da daxil edilmiş (1719cu bəndlər), həmçinin, qərara “Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin Siyahısı” əlavə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli, 175 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları” təsdiq edilmiş və bu Qaydalara “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı” əlavə olunmuşdur. Məhkəmədə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X1 hazırki inzibati xətanın törətməməsini onunla əsaslandırır ki, uşaq oyuncaqları təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların siyahısına daxildir və ona görə də ona məcburi sertifikatlaşdırma tələb olunur. Halbuki, yuxarıda sadalanan qanunvericilik aktlarından aydın olur ki, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməli, məcburi sertifikatlaşdırmaya aid məhsulların siyahısı isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmalı və ona ildə bir dəfədən az olmamaq şərtilə yenidən baxılmalıdır. Hazırda qanunvericilikdə yalnız yanğın təhlükəsizliyi sahəsində məhsullar və ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularla bağlı belə siyahıya rast gəlinir. Bundan əlavə, yalnız yüksək riskli malların məcburi sertifikatlaşdırılmasına dair tələblər mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2021-ci il tarixli 140 nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli 343 nömrəli Qərarı ləğv edilmişdir. Nazirlər Kabinetinin 8 may 2021-ci il tarixli 140 nömrəli Qərarı Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə verilmişdir. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci yarımbəndinə əsasən texniki tənzimləmə mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsidir. Göründüyü kimi, hal-hazırda uşaq oyuncaqlarının məcburi sertifikatlaşdırmaya aid məhsulların siyahısına daxil olması ilə bağlı normativ-hüquqi akta rast gəlinmir. Belə ki, 15.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın tətbiq edilməsinə səbəb olmuş Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli 343 nömrəli Qərarı ləğv edildiyindən hal-hazırda şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 15.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 15.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1005/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1005/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver