Məhkəmə qərarları › İş №3(006)-1006/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1006/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1006/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katib Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X2, zərər çəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində ünvan 3 ünvanda X3 məxsus “Mercedes” markalı avtomaşına kilidinin açılması yolu ilə daxil olub ümumi dəyərləri təxminin 450 manat olan əşyalar oğurlayaraq xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə X1 yaşadığı ünvanın qarşısında saxladığı ona məxsus “Mercedes” markalı, M228CB (750 RUS) RF qeydiyyat nişanlı avtomaşının salonundan ümumi dəyərləri təxminən 450 (dörd yüz əlli) manat təşkil edən 1 (bir) ədəd “Samsung Galaxy” markalı mobil telefon, 1 (bir) ədəd videoregistrator, 1 (bir) ədəd bıçaq (suvenir), 1 (bir) ədəd yaddaş kartı və 4 (dörd) ədəd şam-ehtiyyat hissələrini oğurlayaraq zərər çəkmiş şəxsə 450 manat məbləğində ziyan vurmuşdur. Aparılmış araşdırma nəticəsində onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə saat təxminən 22:00 radələrində özünə məxsus “Mersedes” markalı, M228CB (SV) (750 Rus) RF qeydiyyat nişanlı avtomaşını yaşadığı binanın qarşısında saxlayaraq yaşadığı mənzilə getmiş, növbəti gün saat təxminən 07:00 radələrində evdən çıxaraq avtomaşına yaxınlaşan zaman avtomaşının qabaq sağ qapısının açıq vəziyyətdə olduğunu, yəni kilidin naməlum əşya ilə açıldığının şahidi olmuşdur. Bundan sonra avtomaşının salonuna ətraflı baxış keçirmiş və nəticədə salonda olan 1 (bir) ədəd İMEİ kodu və modelini dəqiq bilmədiyi, üzərində ***-***-**-** saylı mobil nömrəsi olan, qiyməti təxminən 150 (yüz əlli) manat təşkil edən “Samsung Galaxy” markalı mobil telefonu, 1 (bir) ədəd qiyməti təxminən 130 (yüz otuz) manat təşkil edən videoregistrator və ümumi dəyərləri təxminən 170 (yüz yetmiş) manat təşkil edən 1 (bir) ədəd bıçaq (suvenir), 1 (bir) ədəd yaddaş kartı və 4 (dörd) ədəd şam-ehtiyyat hissələrin oğurlandığını aşkar etmişdir. Bu barədə “102” xidmətinə zəng edərək məlumat vermişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində rus nömrəsi ilə qeydiyyatda olan ağ rəngli “Mersedes” markalı avtomaşının sağ qabaq qapısının açıq olduğunu görüb avtomaşına daxil olmuş və oradan 1 (bir) ədəd “Samsung Galaxy” markalı mobil telefon və videoregistrator götürmüşdür. Həmin əşyaları tanımadığı şəxsə satmışdır. Əməlindən peşmandır. Dəymiş ziyanı işləyib ödəyəcəkdir. Əməlindən səmimi peşman olduğunu, maddi imkanı olmadığı üçün oğurluq etdiyini və bir daha belə hərəkətlərə yol verməyəciyini nəzərə alaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, zərər çəkmiş şəxs X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-yə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar