Məhkəmə qərarları › İş №3(006)-1007/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1007/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1007/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Qərarı qəbul etmiş qurum: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 Şikayət vermiş şəxsin vəkili: “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 qeyd olunan qərardan verilmiş şikayətə göstərmişdir ki, həmin qərar aşağıdakılara görə əsassız olduğundan ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun tərəfindən hər hansı inzibati xəta törədilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi pozuntu olaraq protokolda və qərarda “X4 müraciətinə baxılarkən AR ƏM-nin 83.2-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir” qeyd etmişdir. Protokol və qərarda inzibati xətanın nədən ibarət olması ümumi sözlərlə ifadə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.4 və 115.1.4-cü maddələri inzibati xətanın mahiyyəti və müvafiq halların protokol və qərarda aydın formada göstərilməsini tələb edir. “xxxx” MMC-nin direktoru olduğu müddətdə əmək müqaviləsinə xitam verilmiş X4 əmək müqaviləsinə xitam verilən, əmək haqqı və son haqq-hesabı ödənilən zaman qanunvericiliyin hər hansı müddəasının pozuntusuna yol verilməmişdir. İşçinin əmək müqaviləsinə 01.10.2020-ci il tarixdə xitam verilmiş, işçinin son ayı olan sentyabr ayının əmək haqqı 30.09.2020-ci il tarixdə və istifadə etmədiyi məzuniyyətinə görə kompensasiya isə 01.10.2020-ci il tarixdə ödənilmişdir. Bununla bağlı müvafiq sənədlər “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuşdur. Bundan əlavə, inzibati məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Çünki, işçinin əmək müqaviləsinə 01.10.2020-ci il tarixdə xitam verilmiş və əgər onun tərəfindən hər hansı pozuntuya yol verilmiş idisə, barəsində inzibati tənbeh 01.01.2021-ci il tarixədək verilə bilərdi. İnzibati tənbeh vermə haqqında qərar isə 18.01.2021-ci il tarixdə, yəni inzibati məsuliyyətə cəlb etmə müddətindən 17 gün keçdikdən sonra qəbul edilmişdir. Digər tərəfdən, o, ümumiyyətlə 15.10.2020-ci il tarixədək “xxxx” MMC-nin direktoru olub. İşçinin əmək müqaviləsinə xitam verilmə tarixi deyil, müvafiq təşkilatda vəzifəli şəxs olduğu son tarix belə əsas götürüldükdə də inzibati məsuliyyətə cəlb etmə müddəti ən azı 3 gün ötmüş olur. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 9-cü maddəsində nəzərdə tutulan “non bis in idem” (“bir əmələ görə iki dəfə cəzaya yol verilməməsi”) prinsipi pozulmuşdur. Qurum tərəfindən onun barəsində digər işçinin şikayəti əsasında hazırki iş üzrə inzibati tənbehin tətbiqi üçün əsas olmuş fakta görə 30.11.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, artıq 700 manat cərimə tətbiq olunmasına baxmayaraq bu qərarla yenidən 1.200 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda “son haqq-hesabın zamanında və düzgün ödənilməməsi” inzibati xəta kimi qeyd olunsa da, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində ümumiyyətlə son haqqhesabın hesablanıb və ödənilməsi qaydalarının pozulmasına görə hər hansı inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi həmin normada əksini tapan “əmək və məzuniyyət” haqqı ifadəsini “son haqq-hesab” ifadəsi ilə eyniləşdirərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir ki, bu da tamamilə əsassız və qanunaziddir. Əmək Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından əmək haqqı, məzuniyyət haqqı və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi (kompensasiya) tamamilə fərqli anlayışlardır və İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəası tətbiq olunan zaman bunlar nəzərə alınmalıdır. Əmək Məcəlləsinin 154-cü maddəsi əmək haqqının, 139-cu maddəsi məzuniyyət haqqının, 143-144-cü maddələri isə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin mahiyyətini müəyyən edir. Eyni qaydada İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələri də bu anlayışları fərqləndirir. “xxxx” MMC tərəfindən işçiyə son haqq-hesab olaraq yalnız istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin qərarda istifadə edilməmiş məzuniyyətə görə pul əvəzini (kompensasiyanı) “son haqq-hesab” kimi istifadə edərək İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etməklə də səhvə yol vermişdir. Belə ki, müvafiq kompensasiyanın ödənilməsində pozuntuya yol verilmiş idisə, bu zaman həmin Məcəllənin 192.5-ci maddəsinə istinad edilməli idi. Göstərilənlərə əsasən 18.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin vəkili X12 şikayəti müdafiə edərək əlavə olaraq göstərdi ki, X4 əmək haqqısı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin ödənilməsi üçün onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyi gün “xxxx” ASC-də olan müvafiq hesaba 30.09.2020-ci il tarixdə ödəniş tapşırığı verilmiş, lakin həmin ərəfədə ölkədə məlum olan səbəblərlə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlərə görə ödənişlər bank tərəfindən 05.10.2020-ci il tarixdə icra olunmuşdur. Göründüyü kimi, bu işdə X2 heç bir təqsiri yoxdur. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X17 izahatında bildirdi ki, “xxxx” MMC-nin işçisi olmuş X4 şikayəti əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, onun əmək müqavilələrinə xitam verilərkən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə riayət olunmamış, işçi ilə bağlanılmış əmək müqaviləsinə 01.10.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq, ona istifadə etmədiyi məzuniyyət günlərinə görə 230,94 manat ödənilsə də, həmin ilin sentyabr ayının əmək haqqısı ödənilməmişdir. E.Gözəllinin son haqq-hesabının düzgün hesablanıb ödənilməməsində qanun pozuntusuna yol verildiyindən şirkətin direktoru X2 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olmuş və o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunaraq 1.200 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan:  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “xxxx” MMC-nin direktoru X1 Əlvan oğlu Gözəllinin əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması müəyyən edildiyi üçün o, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə edilmişdir;  “xxxx” MMC üzrə verilmiş 30.09.2020-ci il tarixli, İR-192/2020 saylı əmrə əsasən X13 ilə bağlanılmış 01.10.2019-cu il tarixli, 316 saylı əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə 01.10.2020-ci il tarixdən ləğv edilir;  “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 26.01.2021-ci il tarixli, GA 01/24 saylı məktubda qeyd olunur ki, cəmiyyətin işçisi olmuş X6 əmək müqaviləsinə 01.10.2020-ci il tarixdə xitam verilmiş və ona istifadə etmədiyi məzuniyyət günlərinə görə son haqq-hesab olaraq 230,94 manat vəsait ödənilmiş, habelə 2020-ci sentyabr ayının əmək haqqı 30.09.2020-ci il tarixində 470 manat olmaqla həmin tarixli ödəniş tapşırığına əsasən icra olunmuşdur;  “xxxx” ASC tərəfindən təqdim edilmiş “Əmək haqqı üzrə çıxarış”lara əsasən 30.09.2020-ci il tarixdə X9 470,00, 05.10.2020-ci il tarixdə isə 230,94 manat pul ödənilmişdir;  “xxxx” ASC-nin “Landmark” şöbəsinin 01.12.2020-ci il tarixli, PB/PBL-1712 saylı məktubunda qeyd olunur ki, “xxxx” MMC tərəfindən X3 və digər şəxslərə əmək haqqı köçürülməsi məqsədi ilə 01 oktyabr 2020-ci il tarixdə “xxxx” ASC internet bankinqdə tərtib olunmuş ödəniş tapşırığı yaradılmış, ödəniş tapşırığı MMC tərəfindən 01.10.2020-ci il tarixdə yaradılsa da, əmək haqqının köçürülməsi müəyyən səbəblərdən 05.10.2020-ci il tarixdə həyata keçirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2 hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmədə müəyyən edilir ki, “xxxx” MMC ilə X13 arasında 01.10.2019-cu il tarixdə 316 saylı əmək müqaviləsi bağlanılmış, həmin müqavilə cəmiyyət üzrə verilmiş 30.09.2020-ci il tarixli, İR-192/2020 saylı əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə 01.10.2020-ci il tarixdən ləğv edilmişdir. İşçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələrlə bağlı “xxxx” ASC-yə müvafiq ödəniş tapşırığı əmrin verildiyi gün - 30.09.2020-ci il tarixdə verilmiş, lakin müəyyən səbəblərdən həmin ödəniş bank tərəfindən 05.10.2020-ci il tarixdə icra olunmuşdur. Belə olan halda isə “xxxx” MMC-nin rəhbəri olmuş X8 tərəfindən qanun pozuntusuna yol verilmədiyi, işçiyə son haqq-hesabın ödənilməsi üçün vaxtında tədbirlərin həyata keçirildiyi görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar