Məhkəmə qərarları › İş №3(006)-1012/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1012/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1012/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru – X2, Müdafiəçi – 18 saylı Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası, Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əsasən, xx.xx.1996-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs qanunsuz mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PŞ-nin sahə rəisi, polis mayoru – X6 protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında olan söküntü yerində əvvəllər tanıdığı Fuad adlı şəxslə mübahisə etdiyi zaman polis əməkdaşları onlara yaxınlaşıb sakitləşdirərək Nəsimi RPİ-nin 21-ci PB-nə gətirmişlər. Əməlindən peşman olduğunu, həqiqətən də narkotik vasitələrdən istifadə etdiyini etiraf edərək barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili – X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin rəisi, polis-polkovnik leytenantı S.Haşımov tərəfindən tərtib edilmiş MN ******* saylı, 07 mart 2024-cü il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətində olduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr istifadə etdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən X5 Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixotimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. (Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, narkomaniya cəmiyyətin ciddi bəlasına çevrilmiş, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmuşdur. Həmçinin narkomaniya sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, bu halda cəmiyyətin maraqları narkotik vasitələrin dövriyyəsi və istehlakı ilə bağlı cinayət və ya inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin azadlıq hüququndan üstündür. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilməli və inzibati həbsdə saxlamanın əvvəli «06» mart 2024-cü il, saat 16:30-dan hesablanmalıdır, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, o, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi nəzdində X8 X1 mühafizə altında saxlanılmalı, həbs müddətinin başa çatdığı gün Məntəqənin nümayəndəsi tərəfindən ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli və məcburi müalicənin icrasına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçi – 18 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 16:30dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Məcburi müalicənin icrasına nəzarət Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Müvəqqəti Saxlanılanların Məntəqəsinə həvalə edilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Bürosunun hesabına köçürülsün Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar