Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1012/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X5, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Kürdəmir rayonu, Ucarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Ucarlı kəndində qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 23 ünvanında müvəqqəti yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 25 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Arzular” adlı obyektdə X2 məxsus “İnfinix 40 Pro” markalı mobil telefonu gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X4 izahatında göstərmişdir ki, vətəndaş X5 102 Xidmətinə zəng edərək və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 25 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Arzular” adlı obyektdə ona məxsus “İnfinix 40 Pro” markalı mobil telefon oğurlanmışdır. Aparılmış araşdırma nəticəsində oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Bunu iş üzrə kamera görüntülərinə baxdıqda oğurlanmış mobil telefonun Şəxs əlində olması təsdiq edir. Polis şöbəsində təhqiqatçı Nicat Abdullayev tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, X2 ziyan vurmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Şəxs əməlini etiraf etdikdən sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, 24 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Arzular” adlı obyektdə olarkən səhər saat 11 radələrində Orxan Şükürov qeyd olunan obyektə sərxoş vəziyyətdə gəlmişdir. O həmin vaxt sonuncunun sərxoş vəziyyətdə olmasını görmüş və evə getməsini xahiş etmişdir. Bundan sonra Orxan Şükürov ondan müğənnilərin nə vaxt gələcəyini soruşmuş, o da gec gələcəklərini bildirdikdən sonra sonuncu obyekti tərk etmişdir. Bundan sonra həmin gün saat 17 radələrində Orxan Şükürov yenidən obyektə gəlmiş və yenə də sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt Orxan Şükürov balıq sifariş etmiş və müğənnilərin yanında əyləşmişdir. Bundan sonra əlavə sifarişlər vermiş və yenə də spirtli içki qəbul etmişdir. Orxan Şükürov sərxoş vəziyyətdə olduğundan yuxulamış və saat təxminən 22 radələrinədək obyektdə yatmışdır. Saat 22 radələrində Orxan Şükürov yuxudan oyanmış və obyektdə oynamağa başlamışdır. Bundan sonra Orxan Şükürov yanında olan şəxsə pul verərək hesabı ödəmək istəmiş o da 100 manat əskinazı götürərək 31 manat hesabı çıxdıqdan sonra 69 manat qalıq pulu qeyd olunan şəxsə qaytarmışdır. Bundan sonra ona həmin tanımadığı şəxsin Orxan Şükürova qalıq pulu qaytarmaması barədə məlumat vermişlər. O da Orxan Şükürovu yanına çağıraraq üzərində nə qədər pul olmasını və ona qalıq pulun qaytarılıb-qaytarılmamasını soruşmuşdur. Həmin vaxt Orxan Şükürov telefonu ona verərək əlini ciblərinə salmış, cibini yoxlayaraq pulun qaytarılmamasını bildirmiş, o da Orxana pulu biraz qabaq yanında olan şəxsə verdiyini demişdir. Bundan sonra, Orxan Şükürov telefonu və digər əşyalarını götürərək obyekti tərk etmişdir. Orxan Şükürov 2-3 saat sonra yenidən obyektə gələrək telefonunun onun tərəfindən götürülməsini bildirmişdir. Orxan Şükürov hadisə vaxtı sərxoş vəziyyətdə olduğundan hadisələri xatırlamamışdır. İzahatının sonunda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, o, 24 fevral 2025-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən “Arzular” adlı obyektə gələrək spirtli içki qəbul etmişdir. Bundan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edilərək üzərində olan mobil telefon oğurlanmışdır. O hadisələri tam olaraq xatırlamasa da, polisə müraciət etdikdən sonra kamera görüntülərində Şəxs ona məxsus telefonu əlində saxlamasını görmüşdür. Bu fakt isə oğurluq əməlinin məhz Şəxs tərəfindən edilməsini təsdiq edir. O, mobil telefonun oğurlanmasını bildikdən sonra bu barədə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Nicat Abdullayev tərəfindən araşdırma aparılaraq, X2 ziyan vurmuş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 25 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən, saat 07:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1012/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1012/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver