Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1016/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN:xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.12.2015-ci il tarixli, 2(006)- 9201/2015 saylı icra vərəqəsinə və 13.07.2021-ci il tarixli icra qeydinə əsasən yaranmış borcu ödəməkdən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.12.2015-ci il tarixli, 2(006)-9201/2015 saylı məhkəmə əmrindən və 13.07.2021-ci il tarixli icra qeydindən xəbəri olmuş, lakin hazırki vaxta qədər maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hal-hazırda işsizdir, lakin aprel ayından başlayaraq özünə iş tapmışdır və həmin işlə təmin olunduqdan sonra müvafiq ödənişləri hissə-hissə ödəyəcəkdir. Onun icra sənədləri üzrə yaranmış borc məbləğini ödəməkdən yayınmaq məqsədi olmamış, sadəcə olaraq borcunu tam şəkildə ödəməsi üçün pulu olmamışdır. Məhkəmədən göstərdiyi halların nəzərə alınmasını və ona borcunu ödəməsi üçün vaxt verilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.12.2015-ci il tarixli, 2(006)-9201/2015 saylı məhkəmə əmrinə əsasən Şəxs ümumilikdə 2721 ABŞ dolları, 80 sent pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. İcra sənədi Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü olaraq təmin edilməsi üçün borcluya bildirişlər göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Həmçinin onun olduğu yer məlum olmadığından borclu barəsində axtarış işi açılmışdır. Bundan sonra borclu Şəxs tapılaraq polis tərəfindən icra şöbəsinə təqdim olunmuşdur. Şəxs icra şöbəsində verdiyi izahatında maddi imkanı olmadığını bildirmişdir. Bundan başqa, məlum olmuşdur ki, Şəxs borclu olduğu digər icra işi də vardır. Həmin iş üzrə də heç bir ödənişlər edilməmişdir. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.12.2015-ci il tarixli, 2(006)- 9201/2015 saylı icra vərəqəsinə və 13.07.2021-ci il tarixli icra qeydinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs tərəfindən icra sənədləri icra qanunla müəyyən olunmuş vaxtda icra olunmadığından və icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.12.2015-ci il tarixli, 2(006)-9201/2015 saylı məhkəmə əmrinə əsasən Şəxs ünvan 2 ünvanında yerləşən "xxxx" KB ASC-nin xeyrinə 2597 ABŞ dolları, 38 sent əsas, 118 ABŞ dolları 15 sent faiz, 06 ABŞ dolları 27 sent cərimə, cəmi 2721 ABŞ dolları 80 sent məbləğində pul pul vəsaitinin milli manat məzənnəsinə uyğun olaraq tutularaq "xxxx" KB ASC-yə ödənilməsi əmr edilmişdir. Bundan başqa, 13.07.2021-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 3534 manat 79 qəpik ödənilməmiş borc və 20 manat dövlət rüsumu, ümumilikdə 3554 manat 79 qəpik pul tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İş materiallarında olan “icraata başlamaq haqqında” qərardan, “tələbin könüllü icrası haqqında” bildirişdən və Şəxs izahatlarından görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Şəxs izahatlarında maddi imkanı olmadığından icra sənədi üzrə yaranmış borc məbləğini ödəmək imkanına malik olmadığını bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19.03.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19.03.1997-ci il). Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 17 mart 2022-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin X2 Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1016/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1016/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver