Məhkəmə qərarları › İş №3(006)-1018/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1018/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1018/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi X1, zərər çəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Pirəkəşkül ərazi dairəsi, Pirəkəşkül kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən tərtib olunmuş iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlanma haqqında qərar qəbul etmiş Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi X3 izahatında bildirdi ki, fiziki şəxs Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən topdan satış mağazasından bir qutu, içərisində hər birinin dəyəri 23 manat olmaqla 10 ədəd kiloqramlıq, “Westgold” kərə yağı məhsulunu oğurlayıb, ümumilikdə 230 manat maddi ziyan vurmaqla özgə əmlakını talamış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətmişdir. Qeyd olunanlar Şəxs, X2 izahatı, hadisə yerinə baxış keçirilməsi haqqında protokol ilə təsdiq olunur. Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fəhlə işlədiyi topdan satış mağazasında dondurucudan 1 qutu (içərisində 10 ədəd kiloqramlıq) “Westgold” kərə yağı məhsulunu zibil qabına qoyaraq oradan çıxardıb yaxınlıqdakı orta məktəbin həyətində gizlətmiş, mağazaya geri qayıdanda işçilər tərəfindən kamera vasitəsi ilə məhsulu onun apardığının aşkar olunduğu bildirildikdə əməlini etiraf etmişdir. X4 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən topdan satış mağazasının müdiri vəzifəsində işləyir, xx.xx.2025-ci il tarixdə həmin mağazada fəhlə işləyən Şəxs dondurucudan 1 qutu (içərisində 10 ədəd kiloqramlıq) hər kiloqramının qiyməti 23 manat olan “Westgold” kərə yağı məhsulunu oğurlamış, daha sonra işçilər bunu öyrənən zamanı əməlini etiraf edərək oğurladığı məhsulu qaytarmışdır. xx.xx.2025-ci il tarixli baxış keçrilməsi haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən topdansatış mağazasında satışda olan 1 kiloqramlıq “Westgold” yağ məhsulunun satış qiyməti 23 manat məbləğindədir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin rədd qərarına əsaən şəxsin əməlində inzibati xəta tərkibi olduğundan araşdırma mənə həvalə olunmuş və tərəfimdə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən topdan satış mağazasının müdiri vəzifəsində işləyir, xx.xx.2025-ci il tarixdə həmin mağazada fəhlə işləyən Şəxs dondurucudan 1 qutu (içərisində 10 ədəd kiloqramlıq) hər kiloqramının qiyməti 23 manat olan “Westgold” kərə yağı məhsulunu oğurlamış, daha sonra işçilər bunu öyrənən zamanı əməlini etiraf edərək oğurladığı məhsulu qaytarmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənildiyindən hal hazırda ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır, barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək izahatında göstərdi ki, həqiqətən də ehtiyac ucbatından ünvan 1 ünvanında yerləşən fəhlə işlədiyi topdan satış mağazasında dondurucudan 1 qutu (içərisində 10 ədəd kiloqramlıq) “Westgold” kərə yağı məhsulunu zibil qabına qoyaraq oradan çıxardıb yaxınlıqdakı orta məktəbin həyətində gizlətmiş, mağazaya geri qayıdanda işçilər tərəfindən kamera vasitəsi ilə məhsulun tərəfindən aparıldığının aşkar olunduğu bildirildikdə əməlini etiraf etmişdir. əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək inzibati icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Zərər çəkmiş şəxs X4 tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ona ödənilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını (hadisə yerinə baxış keçirilməsinə dair icraata başlama barədə qərarı, tərəflərin ifadələrini və s.) araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərər çəkmiş şəxslə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 25 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar