Məhkəmə qərarları › İş №3(006)-1020/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1020/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1020/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X13 Qərardan şikayət verən şəxs: "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi X10 vəkili Nümayəndə Qərarından şikayət verilən orqan: X19 Xidmətinin nümayəndəsi X14 iştirakları ilə X10 X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X15 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, X9 və X5 "xxxx" QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 1 və 3 saylı “Bakı Dost Mərkəzi”nə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müraciət etmişlər. Onların müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən baxılmasının nəticəsi olaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1.500 manat şərti olaraq cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. X15 "xxxx" QSC-də Sərnişin daşımaları departamentinin rəisi vəzifəsinə 2023-cü ilin iyul ayında təyin olunmuşdur. Barəsində tərtib edilən inzibati xəta haqqında qərarda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsini inzibati xəta olaraq müəyyən edir. Nə müddətli əmək müqavilərinə xitam verilən zaman, nə də müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə xitam verilməsi zamanı tərəfindən qanunvericiliyin heç bir müddəası pozulmamışdır. Belə ki, X5 ilə Bakı sərnişin stansiyasının rəisi arasında ilk dəfə xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Əmək qanunvericiliyi müddətsiz əmək müqaviləsinin müddətliyə keçirilməsinə imkan verir, qadağan etmir və bunu tənzimləyir. Qanunun tələbləri nəzərə alınaraq Mətanət Məmmədquliyevanın xx.xx.2023-cü il tarixli ərizəsi və tərəflərin qarşılıqlı razılığı əsasında yaranmış zərurətlə bağlı xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanılmışdır. Həmin əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə tərəfindən xitam verilmişdir. Qanunvericiliyin tələblərinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi Mətanət Məmmədquliyevaya münasibətdə əmək müqaviləsinə xitam verilən zaman tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət olunmuş, heç bir pozuntu törədilməmiş, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibi yaranmamışdır. Bu səbəbdən qeyd edilən qərar ləğv edilməlidir. X9 ilə bağlı qeyd edir ki, onunla Bakı sərnişin stansiyasının rəisi Eminov Nizaməddin arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2022ci il tarixdə işçinin işəgötürənlə qarşılıqlı razılıqları əsasında müddətli əmək müqaviləsi 01 il müddətinə uzadılmışdır. Həmin vaxt sözügedən müqavilənin sənədləşməsi işəgötürən qismində o, deyil, Bakı sərnişin stansiyasının rəisi X16 tərəfindən rəsmiləşdirilmişdir. Daha sonra tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixində müqavilənin müddəti dəyişdirilmiş və xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə müddəti bitdiyi üçün xitam verilmişdir. Bu zaman da Əmək Məcəlləsinin yuxarıda sadalanan tələblərindən heç biri pozulmamış, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibi əmələ gəlməmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqavilələrinə edilən dəyişikliklər elektron sistemə daxil edilmiş və hüquqi qüvvədə olmuş, xitamlar isə sistemə işlənmişdir. İşçilər özü əmək müqaviləsinə qol çəkərək qarşılıqlı razılıqla, birtərəfli olmadan əmək müqaviləsi müddətsizdən müddətliyə keçirilmişdir. İşçinin razılığının sərbəst iradə ifadəsi olub-olmamasına qərar vermək inzibati orqanın yox, məhkəmənin səlahiyyətidir. Müddətli müqavilə kimi müqaviləyə olunan dəyişikliklər yenə də işçinin yazılı razılığı ilə olmuş, işçi müddətli əmək müqaviləsinin bağlanmasına hər hansı bir yolla məcbur edildiyi zaman etiraz edərək aidiyyəti orqana şikayət edə bilərdi, lakin müddətli müqavilə qüvvədə olduğu zaman işçi tərəfindən hər hansı bir şikayət daxil olmamış, burada işəgötürən kimi hər hansı bir əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilməmişdir. Əgər tərəfindən işçinin razılığı alınmadan əmək müqaviləsi müddətsizdən müddətliyə keçirilsəydi və ya müddətli əmək müqaviləsinə xitam qaydası pozulsaydı əməlində inzibati xəta tərkibinin olması mübahisələndirilə bilərdi. Həmçinin işçilərlə bağlanılmış əmək müqavilələrinin müddətliyə keçirilməsinin səbəbi bu gün ölkədə koronavirus pandemiyasından sonra mövcud olan vəziyyətlə bağlıdır. Belə ki, ölkədə quru sərhədlərin bağlı olması səbəbindən beynəlxalq sərnişindaşımaları həyata keçirilmir. Daxili daşıma üzrə isə yalnız Bakı-Sumqayıt dairəvi xəttindən başqa yalnız Bakı-Qəbələ və Bakı-Aqstafa reysləri üzrə oturacaq tipli qatarlar vasitəsilə sərnişindaşıma həyata keçirilə bilir. Həmin istiqamətlər üzrə isə reyslərin təyini tələbata uyğun olaraq azaldılır, bəzən artırılır. Yəni sərnişindaşıma üzrə xidmət, həmçinin işçilərin çalışdığı “VİP zal” növbətçisi vəzifəsi üzrə işlər daimi xarakterli deyildir. Bu səbəbdən qeyd edilən məqamlar nəzərə alınaraq işin xarakterinin müvəqqəti olması, azaldılıb artması, həmçinin “VİP” hissədən istifadə edən sərnişin sayının az olması səbəbindən müqavilə müddəti hər iki tərəfin obyektiv yanaşması və razılığı, işlərin xarakterinin müvəqqəti olması işçilərə də məlum olduğu üçün qarşılıqlı razılıqla müddətliyə keçirilmişdir. X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X10 vəkili Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, protokol tərtib olunan, inzibati araşdırma aparılan zaman İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, şikayətçilər 2023-cü ilin dekabr ayında pozuntu ehtimalı barədə aidiyyəti orqana müraciət edib və bununla bağlı araşdırma aparılsa da, protokol 02 gün ərzində yox, 01 aydan sonra tərtib edilmişdir. Yalnız inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, onun təqsirli hesab edilməsi üçün əsas ola bilməz. İnzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən inzibati xətanın törədilib-törədilməməsi, əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə şəxsin təqsiri olub-olmaması müəyyən edilməmiş və nəticədə X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Bundan başqa, hər iki şikayətçi şikayətlərinin sonunda əvvəlki işlərinə bərpa olunmaqlarını xahiş etmişlər ki, işə bərpa məsələsinə də qanunvericiliyin tələbinə əsasən X19 Xidməti deyil, məhkəmələr tərəfindən baxılır. Əməlində inzibati xəta tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmadığından X19 Xidməti Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs kimi X15 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən qurumun nümayəndəsi X20 izahatında göstərdi ki, X9 və X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 1 və 3 saylı “Bakı Dost Mərkəzi”nə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müraciət edərək "xxxx" QSC tərəfindən əmək hüquqlarının pozulmasının araşdırılmasını xahiş etmişlər. Bununla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X2 xx.xx.2017-ci il tarixdə, X6 isə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqavilələri Əmək Məcəlləsinin 45-ci maddəsinin V hissəsinin tələbləri pozularaq 05 ildən artıq fasiləsiz davam etmiş və qanunvericiliyin tələbləri pozularaq Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Belə ki, "xxxx" QSC tərəfindən hər iki işçi ilə 2017-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanılmış, əmək münasibətləri 05 ildən artıq davam etdiyi üçün qanunvericiliyin tələblərinə əsasən onlar arasında müddətsiz əmək münasibətləri yaranmışdır. Buna görə də onlar arasında bağlanmış müqavilələrə müddət bitdiyi üçün xitam verilməsi qanunsuzdur. Tərəf məsuliyyətdən boyun qaçırmaq üçün həmin müddətdə "xxxx" QSC-nin direktoru vəzifəsində çalışmadığını qeyd etsə də, daha sonra vəzifəyə təyin olunduqdan sonra bu halı araşdırmalı, həmin işçilərlə 2017-ci il tarixdən müddətli əmək müqavilələrinin bağlanıldığını nəzərə almalı idi. X1 və X5 ilə bağlanılmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi üçün xx.xx.2024cü il tarixli, MN ******* saylı qərarla "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə olunmuşdur. Şikayətin rədd olunmasını xahiş etdi. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli “Müraciət vərəqəsi”ndən görünür ki, X5 xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər "xxxx" QSC-də işləmişdir. O, qeyd edilən müəssisədə 05 ildən artıq işləməsinə baxmayaraq işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşəgötürən ona hədəqorxu gələrək müqaviləsini müddətsiz müqavilədən müddətliyə keçirmişdir. Eyni zamanda ona məcburi sosial sığorta ödənişləri düzgün ödənilməmişdir; - xx.xx.2023-cü il tarixli “Müraciət vərəqəsi”ndən görünür ki, X9 "xxxx" QSC-də növbətçi vəzifəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi çalışmışdır. Onun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Məsələnin araşdırılmasını xahiş edir; - X3 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2017-ci il tarixdə "xxxx" QSC-yə rəsmi nümayəndələr zalı üzrə növbətçi vəzifəsinə işə qəbul edilmişdir. İşə qəbul olunduğu gündən xx.xx.2018-ci il tarixədək hər üç aydan bir onunla bağlanılmış əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı əmək müqaviləsinə imza atmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı heç bir müqaviləyə imza atmamışdır. Qanunvericiliyin tələblərinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 05 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Belə ki, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə müddətsiz statusu almışdır. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə onunla yenidən müddətli əmək müqaviləsi bağlanması adı altında xx.xx.2023-cü il tarixdə tərtib olunmuş xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən müqaviləyə imza atdırmışlar. Göründüyü kimi ona arxa tarixləri özündə əks etdirən əmək müqaviləsi imzalatmışdırlar. Lakin həmin müqavilə portalda öz əksini tapmamışdır. Əksinə, heç vaxt imzalamadığı xx.xx.2023-cü il tarixli müqavilə qüvvəyə minmişdir. O, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam veriləcəyinə dair xəbərdarlıq almışdır; - “Boş vəzifə üzrə əmək funksiyasının icrasının müvəqqəti həvalə edilməsi haqqında” xx.xx.2023-cü il tarixli əmrlə X12 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisinin müavini vəzifəsi həvalə edilmişdir; - “Başqa işə keçirilmə haqqında” xx.xx.2024-cü il tarixli əmrə əsasən X15 xx.xx.2024cü il tarixdən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisinin müavini vəzifəsindən Departamentin rəisi vəzifəsinə keçirilmişdir; - X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2017-ci il tarixdə, X6 xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqavilələri Əmək Məcəlləsinin 45-ci maddəsinin V hissəsinin tələbləri pozularaq 05 ildən artıq fasiləsiz davam etmiş və qanunvericiliyin tələbləri pozularaq Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən xitam verildiyi üçün "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilmiş, pozuntunun aradan qaldırılması üçün 30 gün vaxt müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın X7 aid hissəsi ilə bağlı vurğulayır ki, E.Qardaşxanova ilə "xxxx" QSC arasında xx.xx.2017-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə müqavilənin müddəti 01 il uzadılmış, xx.xx.2023-cü il tarixdə isə onun müddəti dəyişdirilmiş və xx.xx.2023-cü il tarixdə müddət bitidiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, X9 ilə bağlanılmış əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən müddətsiz əmək müqaviləsi hesab edilməli olduğu halda, bu şəxslə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməklə "xxxx" QSC tərəfindən qanunun bu normaları pozulmuşdur. Eyni zamanda, qərarın X4 aid hissəsinə münasibətdə qeyd olunmalıdır ki, M.Məmmədquliyeva ilə "xxxx" QSC arasında xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış, xx.xx.2023-cü il tarixdə isə qarşılıqlı razılıq əsasında bu müqavilə müddətli müqaviləyə keçirilmiş, daha sonra əmək müqaviləsinin müddətinin qurtarması ilə ona xitam verilmişdir. Məhkəmə hesab edir ki, bu hissədə əmək qanunvericiliyinin tələbləri pozulmadığı üçün inzibati tənbeh vermə haqqında qərarda işəgötürən tərəfindən X4 münasibətdə hüquq pozuntusuna yol verilməsinin göstərilməsi düzgün olmamışdır. Çünki, Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqavilələri sərbəst bağlanır və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmədə də müəyyən edilir ki, işə götürən ilə işçi arasında sərbəst şəkildə müqavilə bağlanılmış, daha sonra onun şərtləri dəyişdirilmişdir. Yaranmış mübahisənin həlli üçün ilkin olaraq işçi ilə işə götürən arasında məsələ həll olunmalı, belə razılıq olmadıqda isə müqavilə tərəflərinin birinin məhkəməyə müraciət etməklə məhkəmə qaydasında mübahisələndirilməli idi. Belə olan halda nə qədər ki tərəflər arasında bağlanılmış əmək müqaviləsi mübahisələndirilməmiş, ona digər orqan tərəfindən dolayı yolla hüquqi qiymət verilməsi (tərəflərin iradə ifadəsinə müdaxilə edilməsi ilə) qanunun ruhuna zidd olmaqla əsassız hesab olunmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, inzibati tənbeh vermə haqqında qərarda X4 aid hissə ilə bağlı əlavə araşdırmanın aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilməli və iş baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar