Məhkəmə qərarları › İş №3(006)-1021/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1021/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1021/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:54 radələrində idarə etdiyi “CHEVROLET COBALT LTZ MİNİK” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.1997-ci il təvəllüdlü piyadaya yüngül dərəcəli bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirərərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: İş materiallarında olan raportla, xx.xx.2025-ci il tarixdə saat 18:13-də Nəsimi rayonu, Bank Respublikanın qarşısında, 28 may küçəsində, motosiklet ilə avtomobilin toqquşması nəticəsində X1 biləyin səthi travması xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, 16 yanvar 2025-ci il tarixdə saat 17:54 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi ilə hərəkət edib 28 may küçəsi ilə kəsişməyə daxil olmuş, üzü Fikrət Əmirov küçəsinə doğru hərəkət etdikdə velisoped zolağı ilə hərəkət edən 99-E-867 dövlət qeydiyyat nişanlı motosikleti avtomobilin qabaq hissəsi ilə zərər çəkmişi vurmuş, zərbənin təsirindən motosikleti idarə edən şəxs idarə etməni itirərək hərəkət yolunun sol hissəsində ilk olaraq səki ilə sonradan isə tumba ilə toqquşaraq yerə yıxılmışdır. Motosikleti idarə edən Səbətçi - X5 hadisə yerinə gələn TTY X10 aparmışlar. Araşdırma zamanı izahatı alınmış zərər çəkmiş şəxs Səbətçi - X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:54 radələrində idarə etdiyi “CF Moto” markalı 99-E-867 dövlət qeydiyyat nişanlı motosiklet ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkət etdikdə tıxac səbəbindən yolun hərəkət hissəsinin sol tərəfində olan velisoped zolağına çıxaraq ora ilə hərəkəti davam etdirmiş, hərəkət edib Fikrət Əmirov küçəsi ilə kəsişməyə daxil olduqda yol ayrıcında Fikrət Əmirov küçəsi ilə hərəkət edib “STOP” nişanının tələbini yerinə yetirmədən 28 may küçəsi ilə kəsişməyə daxil olanda motosikletini “Chevrolet Cobalt” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin qabaq hissəsi ilə vurmuş, zərbənin təsirindən o idarəetməni itirərək motosikletlə yolun sol hissəsində səki ilə, sonradan isə tumba ilə toqquşaraq yerə yıxılmışdır. Hadisə yerində gələn TTY onu X10 aparmışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2025-ci il tarixli, 89 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X2 oğlunun bədənində aşkar edilmiş xəsarət – sol dirsək oynağında hematoma və şişkinlik hesabına hərəkət funksiyasının pozulması ilə, sol mil-bilək və sol diz oynağı nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə göre ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X4 bədən səthində aşkar edilmiş xəsarətin lokalizasiyasını və xarakterini nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 29 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəfin çıxışını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar