Məhkəmə qərarları › İş №3(006)-1022/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1022/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1022/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən qəbul olunmuş 08 iyun 2023-cü il tarixli, EQ 14957098 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli EQ 14957098 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, o, 17 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətinə getmiş və 06 fevral 2024-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Əvvəllər Bakı şəhərində yaşayan zamanı atası X3 məxsus olan “Mersedes S” markalı, **-LH-*** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün atası etibarnamə vermiş, lakin o həmin avtomaşını əvvəllər də idarə etməmişdir. Bu ilin fevral ayında Azərbaycan Respublikasına qayıdanda ona məlum olmuşdur ki, Rusiya Federasiyasında olduğu müddətdə atasına məxsus yuxarıda qeyd etdiyi avtomobili idarə etmədiyi halda barəsində əsassız və qanunsuz olaraq xx.xx.2023-cü il tarixli EQ 14957098 saylı inzibati qərar qəbul edilərək 20 manat cərimə edilmişdir. Atası tərəfindən ona avtomobili idarə etmək üçün etibarnamə verilsə də, 17 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasına getmiş və 06 fevral 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Qeyd etdikləri PC AZE C03548602 nömrəli pasportunun 2-3 və 48-ci səhifələrinin kserosurətlərində aparılmış müvafiq sərhədkeçmə qeydləri ilə sübut olunur. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Eyni zamanda qeyd edir ki, mübahisələndirdiyi inzibati qərarın surətini Bakı şəhəri Yasamal rayon DYP idarəsinə ünvanladığı müraciət əsasında xx.xx.2024-cü il tarixində əldə etmiş və ona görə də inzibati qərardan şikayət müddəti buraxmamış hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Ərizədə göstərilənlərə əsasən, şikayətçi X6 Azərbaycan Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli EQ 14957098 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilən qurumun nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalı və Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli EQ 14957098 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan C03548602 nömrəli pasportunun 2-3 və 48-ci səhifələrinin kserosurətlərindən görünür ki, X6 17 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasına getmiş və 06 fevral 2024-cü il tarixdə ölkə ərazisinə qayıtmışdır. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 08 iyun 2023-cü tarixli, EQ 14957098 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən aparılan araşdırma ilə müəyyən edildi ki, 08 iyun 2023-cü il tarixdə «Mercedes S320 CDİ Minik» markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə edilmədiyindən tərtib edilmiş 08 iyun 2023-cü tarixli, EQ 14957098 nömrəli inzibati tənbeh vermə haqqında qərarda subyekt düzgün müəyyən edilməmiş və X6 barəsində İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXMnin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ : X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli EQ 14957098 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X6 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar