Məhkəmə qərarları › İş №3(006)-1026/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1026/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1026/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 16/1-13337 nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 16/1-13337 nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024cü il tarixli 16/1-13337 saylı qərarı ilə ona Azərbaycan Respublikası İnzibati tətbiq edilmişdir. İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 300 manat miqdarında inzibati cərimə tədbiri İnzibati xəta haqqında qərarla müəyyən edilmişdir ki, o, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edildiyi halda xx.xx.2023-cü il tarixdə Hyundai markalı 90LD574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Əslində isə belə deyil. Belə ki, Hyundai markalı 90LD574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus olmasına baxmayaraq həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə X2 istifadəsində olmuşdur. Bunu təsdiq edən bütün sənədlər şikayət ərizəsinə əlavə edilmişdir. Yəni həmin maşını o sürməmişdir. Buna görə də, həmin maşına görə o cərimə olunmamalıdır.Bununla da müəyyən edilir ki, həmin inzibati xəta hadisəsində onun təqsiri yoxdur.Belə olan halda həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, tənbeh vermə haqqında DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-13337 saylı qərarı ləğv edilməlidir. Bu işlə bağlı ilk dəfə Səbail Rayon Məhkəməsinə müraciət edilmiş və şikayət təmin edilərək qərar ləğv edilmiş və yeni araşdırma aparılması üçün DİN-nin BDYPİ-nə göndərilmişdir. Lakin BDYPİ tərəfindən heç bir araşdırılma aparılmadan təkrar eyni qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş 16/1- 13337 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 16/1-13337 nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair №2193 müqaviləyə və təhviltəslim aktına əsasən, KMHJU81BDBU166926 şassi nömrəli, HYUNDAİ İX35 markalı, **- LD-*** dövlət qeydiyyat nişanlı avtomobil satıcı "xxxx" MMC tərəfindən alıcı X3 təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar 346.1-ci maddəsinə əsasən dayanma və durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, hazırki halda, X5 tərəfindən Azərbaycan Respublikası İXMin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Beləliklə, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsinin tərkibi aşkar olunmadığından onun barəsində inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə sadalanan xüsusatlarla bağlı qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübutetməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 16/1-13337 nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 16/1-13337 nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar