Məhkəmə qərarları › İş №3(006)-1028/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1028/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1028/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakları ilə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə özünü Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə rəisi kimi təqdim edən Ruhin adlı şəxs zəng vuraraq onu şöbəyə dəvət etmişdir. O, xx.xx.2024-cü il tarixdə həmin şəxslə əlaqə saxlayaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə polis məntəqəsinə getmişdir. Polis mayoru Ruhin İsmayılov ona vətəndaş X3 barəsində DİN-in 102 Xidmətinə şikayət etdiyini bildirmişdir. O, izahat yazaraq hər hansı qanun pozuntusuna yol vermədiyini bildirib oradan uzaqlaşmışdır. 26 fevral 2024-cü il tarixdə “Asan Pay” sistemindən sms gələrək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmağı barədə bildiriş almışdır (Protokol MN1814419). Hesab edir ki, sözügedən protokol qanunsuz yazılıb, bu səbəbdən ümumi məhkəmə nəzarəti qaydasında ləğv edilməlidir. Belə ki, "xxxx" MMC-də yığım üzrə nəzarətçi vəzifəsində işləyir. Vəzifə təlimatına və müqavilə şərtlərinə uyğun olaraq borclu şəxslərlə əlaqə saxlayır və borcun ödənilməsini tələb edir. Barəsində şikayət vermiş şəxs X4 da iş fəaliyyəti ilə bağı qiyabi olaraq tanıyır. Heç vaxt onunla həyatda üz-üzə gəlməmiş, yalnız telefon ilə danışmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2545/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Qazıyeva (Bayramova) İradə Məmməd qızı borcludur və iş Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icraatındadır (icra məmuru Rövşən Əhmədov). Tələbkarın nümayəndəsi qismində mütəmadi olaraq borcun ödənilməsi üçün icra məmuru ilə danışıqlar aparmışdır. İcra şöbəsinin 7016 202487/22-5-9 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu İ.Qazıyevanın 3703 manat pulu tam şəkildə ödənilənədək əmək haqqındən 50 faizinin tələbkarın xeyrinə tutulması qərara alınmış və icra edilməsi üçün onun işlədiyi "xxxx" MMC-yə göndərilmişdir. Qərarın göndərilməsindən 8 aydan artıq vaxt keçməsinə baxmayaraq icra sənədi borclunun iş yeri tərəfindən icra edilməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə borclunun özü və iş yerində özünü MMC-nin direktoru kimi təqdim edən Rəşad adlı şəxslə danışıb qərarın icra edilməsini xahiş etmişdir. Hər dəfə mütləq şəkildə icra ediləcəyi bildirilsə də, icra edilmədiyindən xx.xx.2024-cü il tarixdə rəhbərliyin göstərişinə əsasən rəsmi ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə müraciət edərək icra sənədini icra etməyən borclunun iş yeri "xxxx" MMC barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. 17 fevral 2024-cü il tarixdə borclu İ.Qazıyeva ona zəng vuraraq işdən çıxarıldığını bildirmiş və buna görə də, barəsində şikayət edəcəyini bildirmişdir. Qeyd etməyi zəruri hesab edir ki, icra sənədinə əsasən borclu İ.Qazıyeva ilə borcun ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdən danışıqlar aparır, ay ərzində azı 2-3 dəfə danışır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dispozisyasından göründüyü kimi xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. İnzibati xətanın obyekti ictimai qaydadır. İnzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li Qərarına əsasən İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşı Ruhin İsmayılov tərəfindən barəsində yazılmış MN1814419 nömrəli protokol qanunsuzdur. Göstərilənlərə əsasən Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nə lazımi qaydada məlumat verilsə də, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə işə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Asanpay.az” saytına aid hökumət ödəniş portalından əldə edilmiş çıxarışdan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati qaydada cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyən edilmişdir ki, X1 barəsində qərar qəbul edilərkən tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış, sadəcə şikayət əsasında təqsirli bilinmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş MN ******* saylı protokol əsasında qəbul edimiş inzibati tənbeh vermə haqqında qərar sonuncunun hüquqları və vəzifələri izah edilmədən birtərəfli qaydada kobud pozuntulara yol verilərək qəbul edilmişdir. Bununla da, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Qeyd edilən səbəbdən də, məhkəmə hesab edir ki, hazırki halda X1 əməlində inzibati xəta tərkibi yoxdur, ona görə də, onun şikayəti təmin edilməli, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar, hadisənin kimin təqsiri ucbatından baş verməsi tam araşdırılmamış və X1 barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar