Məhkəmə qərarları › İş №3(006)-1032/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1032/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1032/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X4, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 15 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-1113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində, Bakı şəhəri, Yasamal rayonu Əbdülvahab Salamzadə 128 ünvanında Şəxs MMC-yə məxsus olan X3 idarə etdiyi “İsuzu” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı texniki və tibbi müayinədən keçilməməsi aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.2-ci yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, “X7" MMC-yə məxsus “İsuzu” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən edildiyindən Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən 15 fevral 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən "X7" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən tərtib edilmiş inzibatı xəta haqqında 15 fevral 2024-cü il, tarixli MN ******* nömrəli protokola baxılmasına dair iş icraatdadır. Bildirir ki, protokol ilə razı deyillər və aşağıdakılara görə protokolu əsassız hesab edirlər. İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı - yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydasına əsasən (bundan sonra - “Qayda”) Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edilir. Qaydanın 1.2-ci bəndinə əsasən, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyrimüntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü bəndinə əsasən, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar dedikdə, sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar nəzərdə tutulur. Göründüyü kimi, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar edən şəxslər avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil etməməyə görə inzibati məsuliyyət daşıyır. Bildirir ki, barələrində tətbiq edilən inzibati xəta haqqında protokolda istinad edilən və şirkətə məxsus olan ** JE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi şirkət tərəfindən kommersiya məqsədli daşımalar üçün deyil (yəni müqavilə yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə daşıma edilmədən), şirkətimizin öz əşyalarının daşınması məqsədilə istifadə edilir. Bu səbəbdən hesab edirik ki, Qaydala əsasən avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsinə dair tələblər Şəxs MMC-yə şamil edilməməlidir və şirkət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən "X7" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında 15 fevral 2024-cü il tarixli MN1898324 nömrəli protokolun ləğv edilməsi və İnzibati Xətalar Məcəlləsinin 114.2-ci bəndinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “X7" MMC-yə məxsus “İsuzu” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən edilmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs İXM-in 326-cı mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2-ci bəndində əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.24-cü yarımbəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC mülkiyyətində olan “İsuzu” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsini təmin etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, həmçinin Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi “göstərilən nəqliyyat vasitəsinin şirkət tərəfindən kommersiya məqsədli daşımalar üçün deyil, şirkətin öz əşyalarının daşınması məqsədilə istifadə edilməsi” barədə xüsusatlara tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Barəsində icraat aparılan şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən xx.xx.2024-cü il tarixli akt və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə, hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar