Məhkəmə qərarları › İş №3(006)-1054/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1054/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1054/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Nizami Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(007)-1525/2020 saylı icra sənədinə əsasən, iddiaçı X2 cavabdeh X4 qarşı “uşaqla ünsiyyət hüququnun” müəyyən edilməsi tələbninə dair mülki işə baxılıb, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək P.Z.Vəlizadənin 21 avqust 2018-ci il təvəllüdlü X5 ilə hər ayın üçüncü həftəsinin bazar günü saat 14:00-dan 18:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmişdir. Nəsimi rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata 12 may 2020-ci il tarixli qərarla başlanılmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin məhkəmənin 19 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bundan sonra həmin qərardan cavabdeh Şəxs apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru V.İ.Hüseynov bildirmişdir ki, hər ayda bir dəfə uşağın atası ilə 4 saatlıq görüşü baş tutmalıdır. Lakin tərəflər icra sənədinin icra olunmasına və uşağı atası ilə görüşməsinə şərait yaratmırlar. Uşağın atası ilə görüşü zamanı cavabdeh Şəxs özü buna mane olmasa da onun valideynləri buna mane olur. Hazırda tərəflərin məhkəmə iclasında uşağın atası ilə görüşməsinə şərait yaradacaqlarına dair söz verməsini nəzərə alaraq inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və tələbkar P.Z.Vəlizadənin uşağı ilə görüşməsinə qətiyyən mane olmamışdır. Belə ki, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən iki dəfə uşaqla görüş olmuşdur. İlk görüşdə o uşağı yerə qoymuşdur ki, atasına getsin, lakin uşağın atası tərəfindən qıcıqlanma olmuş o da buna qarşılıq verəndə mübahisə yaranmışdır. Mübahisədən sonra uşaq atasından qorxmuş və ağlamağa başlamışdır. Daha sonra ikinci görüşdə də uşaq qorxmuş ümumiyyətlə atasına yaxınlaşmaq istəməmişdir. Uşağın hazırda 3 yaşı var, astma xəstəsidir və uşaqda qorxu sindromu var. Astma xəstəliyindən əziyyət çəkdiyinə görə uşaqda tez-tez boğulmalar baş verir, belə hallarda ağlayır, o ağladıqcada boğulması kənkinləşir. Həmçinin uşaqda qorxu sindromu olduğundan yad adamlar gördükdə psixoloji sarsıntı keçirdir və ağlayır. Həmin halları təsdiq edən tibbi sənədləri də icra məmuruna təqdim etmişdir. Bundan başqa, o uşağın atası ilə görüşməsini, uşağın həmişə atası ilə ünsiyyətdə olmasını istəyir. Göstərilənlərə əsasən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, uşağın alergiyası olduğuna görə tələbkar tərəfindən alınmış oyuncaqlardan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun nümayəndəsi və vəkili V.Ə.Əliyev Şəxs izahatına uyğun olaraq bildirmişdir ki, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindikdən sonra onun iştirakı ilə uşaqla iki dəfə görüş olmuşdur. İkinci və axırıncı görüşdə baba və nənəni uşağın yanından kənarlaşdırmış və uşağın atası ilə rahat görüşməsinə şərait yaratmışdır. Cavabdeh tələbkar P.Z.Vəlizadəni təhqir etməmişdir. Cavabdehdə uşağın atası ilə görüşməsininin tərəfdarıdır. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar P.Z.Vəlizadə öz izahatında göstərmişdir ki, uşaqla görüşünə şərait yaradılmır, uşağına aldığı oyuncaqlardan anası imtina edir. Cavabdeh Şəxs icra sənədinin icrasında sıxıntılar yaradır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nizami Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(007)-1525/2020 saylı icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin olunmuş, iddiaçı P.Z.Vəlizadənin cavabdeh Q.R.Vəlizadəyə qarşı “uşaqla ünsiyyət hüququnun” müəyyən edilməsi tələbninə dair mülki işə baxılıb, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək P.Z.Vəlizadənin 21 avqust 2018-ci il təvəllüdlü K.P.Vəlizadə ilə hər ayın üçüncü həftəsinin bazar günü saat 14:00-dan 18:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında yaşayan Q.R.Vəlizadə icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə Nəsimi rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarından görünür ki, Şəxs tərəfindən apelyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 31 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, Nizami Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(007)-1525/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs uşağı K.P.Vəlizadə ilə atası Rauf Mehdiyevə məxsus müvəqqəti olduqları ünvan 3 ünvanında olduqları (saat 13:00) borclu Şəxs uşağın atası ilə ünsiyyətdə olmasına mane olmamışdır. Borclu Şəxs digər ortağa keçərək tələbkar P.Vəlizadəyə qarşı nalayiq söz işlətmiş, o da ona qarşılıq göstərmişdir. Onun tərəfindən mübahisə dayandırılmış, həmin zaman uşaq ağlayaraq atası P.Vəlizadə ilə görüşmək istəməmişdir. Anası Şəxs uşağın xəstə olduğunu başqa (yad) insanları gördükdə ağladığını bildirmiş, tələbkar P.Vəlizadə uşağa aldığı oyuncaqları borclu Şəxs uşağın alergiyası olduğunu əsas gətirərək götürməkdən imtina etmişdir. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli “X12” klinikası tərəfindən verilmiş arayışdan görünür ki, 21.08.2018-ci il təvəllüdlü K.P.Vəlizadə 03.10.2018-ci ildən həmin klinakada qeydiyyatdadır. Diaqnozu: kəskin obstrugtiv laringit, allergik komponentin üstünlüyü ilə gedən astma, bitki tozcuğu tərəfindən törədilən allergik rinit həkim tərəfindən ambulator müalicə təyin olunub və hal-hazıda müalicə alır. Uşaq həkimin nəzarəti altındadır. İş materiallarında olan “X12” klinikası tərəfindən verilmiş məktubların surətindən görünür ki, K.Vəlizadə kəskin obstrugtiv laringit, allergik komponentin üstünlüyü ilə gedən astma, bitki tozcuğu tərəfindən törədilən allergik rinit diaqnozu ilə klinakaya müraciət etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(007)-1525/2020 saylı icra sənədinə əsasən iddiaçı P.Z.Vəlizadənin cavabdeh Q.R.Vəlizadəyə qarşı “uşaqla ünsiyyət hüququnun” müəyyən edilməsi tələbinə dair mülki işə baxılıb, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək P.Z.Vəlizadənin 21 avqust 2018-ci il təvəllüdlü K.P.Vəlizadə ilə hər ayın üçüncü həftəsinin bazar günü saat 14:00-dan 18:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmişdir. Nəsimi rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata 12 may 2020-ci il tarixli qərarla başlanılmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin məhkəmənin 19 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bundan sonra həmin qərardan cavabdeh Şəxs apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən uşaqla ünsiyyətin yaradılmasına şərait yaradılır, bununla cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, həmin cavabdehin uşağın atası ilə görüşməsinə şərait yaratması ilə bağlı icra məmuru tərəfindən akt tərtib olunmuşdur. Həmçinin məhkəmə iclasında tərəflər arasında razılığa gəlinmiş və uşaqla atasının vaxtlı-vaxtında görüşülməsinə cavabdeh tərəfindən heç bir maneçilik yaradılmayacağına dair sözlər verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda 21 avqust 2018-ci il təvəllüdlü K.P.Vəlizadə bir çox xəstəliklərdən əziyyət çəkdiyi üçün atası ilə görüşü baş tutmamışdır. Buna görə də hal-hazırda cavabdeh tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad edilən inzibati xəta tərkibi hal-hazırda mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, hazırda barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Şəxs əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 elementdən biri olan subyektiv cəhət (göstərilən halda üzrsüz səbəb və ya qərəzlilik) yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar