Məhkəmə qərarları › İş №3(006)-1064/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1064/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1064/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Barəsində icraat aparılan: “xxxx” QSC-in nümayəndəsi X1 iştirakları ilə “xxxx” QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, mənzil 104, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə tərtib olunmuş 05.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə karantin rejimi qaydalarının tələblərinə zidd olaraq 05.04.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən, “xxxx” QSC-yə məxsus Bakı Dəmir Yolu Vağzalının binasında ayrı-ayrı vergi ödəyicilərinə aid qapalı məkanda olan obyektlər fəaliyyət göstərmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlar ilə ölkə üzrə tətbiq edilən xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən qurumların siyahısına “xxxx” QSC də daxil edilmişdir. QSC tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq və ölkədaxili yük daşımaları və şəhər ətrafı sərnişin daşımaları həyata keçirilməkdədir. ünvan 4 ünvanda yerləşən Bakı Dəmir Yolu Vağzalı da dövlətin mülkiyyətində olan təsisat kimi fasiləsiz rejimdə fəaliyyət göstərir və vağzal binasında təyinatına uyğun xidmət növləri təşkil olunur (bilet satışı, məlumat xidməti, gözləmə zalı, saxlama dolabları və s.). Bundan əlavə Bakı Dəmir Yolu Vağzalının inzibati binasında kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsini təmin edən “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir. Bu səbəbdən Bakı Dəmir Yolu Vağzalının ümumi giriş-çıxışı bağlanıla bilməz, əks təqdirdə yük daşımaları və şəhər ətrafı sərnişin daşımalarının idarə olunması iflic vəziyyətinə düşə bilər. Bakı Dəmir Yolu Vağzalının inzibati binasında icarə müqaviləsi əsasında icarəyə verilmiş bir neçə xırda ticarət obyektləri də mövcuddur və ölkə üzrə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar bəzi xidmət və ticarət sahələrinin fəaliyyətinə qadağalar qoyulması səbəbindən vağzal binasında icarədə olan həmin obyekt sahibləri də məlumatlandırılmış və hər bir vergi ödəyicisinə tərəfimizdən rəsmi bildirişlər göndərilmişdir. Halbuki, qanunvericiliklə “xxxx” QSC-nin belə bir məlumatlandırma öhdəliyi müəyyən edilməmiş və hər bir vergi ödəyicisi icarədar olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etməlidir. Hazırki inzibati xəta haqqında protokolun icarədar haqqında deyil, “xxxx” QSC barəsində tərtib olunması qanunvericiliyə ziddir və heç bir hüquqi əsasa söykənmir. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən iri ticarət mərkəzlərinin fəaliyyətinə qadağalar qoyulmuş və həmin iri ticarət mərkəzlərinin təyinatı məhz kommersiya fəaliyyəti olduğu üçün binaların ümumi girişləri bağlanılmışdır. Bakı Dəmir Yolu Vağzalının inzibati binasında isə təyinatına uyğun xidmətlər həyata keçirilir və “xxxx” QSC tərəfindən vağzal binasının ümumi girişinin bağlanılması qeyri-mümkündür. Vağzal binasında hər hansı icarədar karantin rejimi qaydalarını pozarsa, qanunvericiliyə əsasən özü məsuliyyəti daşıyır. Bundan əlavə, inzibati xəta haqqında protokol QSC-nin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqları pozulmuş, qurum inzibati araşdırmaya cəlb olunmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ünvan 2 ünvanda yerləşən 40.953,7 kv.m. ibarət əmlak kompleksi dövlətə məxsusdur, onun hüquqi sahibi “xxxx” QSC-dir; - “xxxx” QSC-nin adından “xxxx” MMC ilə:  fiziki şəxs X5 arasında bağlanılmış 03.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan kompleksin 2-ci mərtəbəsində yerləşən 201 saylı 35 kv.m., 202 saylı 35 kv.m. və 203 saylı 51,5 kv.m.;  fiziki şəxs X4 arasında bağlanılmış 07.02.2018-ci il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan kompleksin 1-ci mərtəbəsində yerləşən 103 saylı 65 kv.m.;  fiziki şəxs X6 arasında bağlanılmış 24.09.2020-ci il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan kompleksin 1-ci mərtəbəsində yerləşən 102 saylı 58 kv.m.;  “xxxx” MMC arasında bağlanılmış 27.07.2018-ci il tarixli istifadə müqaviləsinə əsasən qeyd olunan kompleksdə 19,5 kv.m., 30.01.2019-cu il tarixli icarə müqaviləsinə görə isə 2-ci mərtəbədə yerləşən 204 saylı 211 kv.m. sahələr sonuncuların istifadəsinə verilmişdir; - “xxxx” MMC tərəfindən yuxarıda sadalan sahələri icarə əsasında istifadə edən şəxslərə ünvanlanaraq imzalatdırılmış 22.09.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, ölkədə karantin rejimi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar Vağzal binasında yerləşən icarə sahələrinin fəaliyyətinin dayandırılması tələb olunur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edir. Məhkəmədə müəyyən olunur ki, “xxxx” QSC hüquq sahibi kimi dövlətə məxsus ünvan 2 ünvanda yerləşən 40.953,7 kv.m. ibarət əmlak kompleksində olan, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş sahələri müxtəlif şəxslərə icarə müqaviləsi əsasında istifadəyə vermişdir. Eyni zamanda ölkədə karantin rejimi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar həmin kompleksdə yerləşən həmin icarə sahələrinin istifadəçilərinə fəaliyyətlərinin dayandırılması barədə müvafiq bildirişlər təqdim edilmişdir. Bundan əlavə nəzərə alınmalıdır ki, Bakı Dəmir Yolu Vağzalı kompleksi təkcə ayrı-ayrı sahibkarlıq subyektlərinin fəaliyyət göstərdikləri sahələrdən ibarət deyil, orada eyni zamanda əhaliyə xidmət göstərən və karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət qoyulmayan ictimai əhəmiyyətli obyektlər də yerləşir. Bu səbəbdən də bütövlükdə qeyd olunan kompleksin təmamilə bağlanılması qeyri-mümkündür, orada icarə əsasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin karantin rejimi ilə bağlı fəaliyyətinə tamamilə qadağanın qoyulması “xxxx” QSC-nin səlahiyyətinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, karantin rejimi ilə bağlı tətbiq edilmiş qaydalara əməl edilməsi bilavasitə həmin icarəçilərin üzərinə düşür və bu qaydaların pozulmasına görə məsuliyyəti də bilavasitə onlar daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: xxxx” QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar