Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1067/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X1, şikayətçi X3 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin 18 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin 18 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 07 mart 2022-ci il tarixdə, saat 19:03 radələrində ünvan 1 ünvanında idarə etdiyi “Mercedes” markalı, **-SL-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və sonuncu ona svetforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətə davam etdiyini bildirmiş, o, buna cavab olaraq heç bir inzibati xəta törətmədiyini və nizamlayıcının yaşıl işığında hərəkətini davam etdirmişdir. Yol patrul xidmətinin əməkdaşı olan polis servisi X2 əlində olan heç bir maddi sübuta əsaslanmayaraq ona 60 manat, 3 bal məbləğində inzibati protokol tərtib etmişdir. Göstərilənlərə əsasən barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edlmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.A.Əsgərov şikayət ərizəsinin məzmununa uyğun çıxış etmiş və bildirmişdir ki, 07 mart 2022-ci il tarixdə, saat 19:03-də YPX-nin əməkdaşı onu saxlamış, o, polis əməkdaşına işıqforun qırmızı işığında keçmədiyini bildirsədə barəsində protokol tərtib edilmiş, o, həmin protokola imza etməkdən imtina etmişdir. Polis əməkdaşı əvvəl ona yaxınlaşmamış, daha sonra o, bir qədər hərəkət edəndən sonra işıqfordan 50-60 metr aralıda saxlamışdır. O, hadisənin videogörüntülərinin ona təqdim edilməsini tələb etsə də, həmin görüntülər ona təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi N.V.Ələkbərzadə şikayətlə razılaşmayaraq bildirmişdir ki, şikayətçi R.A.Əsgərovun Bakı şəhəri BPİ-nin DYPİ-nin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti aşağıdakılara əsasən əsassız sayır hesab edir ki, şikayət təmin edilməməli qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılamalıdır. Belə ki, 07 mart 2022-ci il tarixdə saat 19:00 radələrində sürücü R.A.Əsgərov Bakı şəhəri R.Behbudov küçəsi ilə idarə etdiyi “Mersedes-Benz E270 CDİ” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə R.Behbudov və Bakıxanov prospektində quraşdırılmış svetoforun qadağanedici siqnalı verilərkən hərəkətini davam etdirmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ-cü hissəsinin 5-ci bəndinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir. Göründüyü kimi yol hərəkəti qaydaları Yol hərəkəti haqqında Qanunda təsbit edilmiş və qeyd olunan maddənin tələbindən aydın olur ki, qırmızı rəngli işiğın yanması birbaşa hərəkəti qadağan edir, lakin buna baxmayaraq R.A.Əsgərov buna əməl etməməklə yol hərəkəti qaydasını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Həmin əməlin törədilməsi R.A.Əsgərov barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri ilə öz təsdiqini tapmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənləri nəzərə alaraq R.A.Əsgərovun Bakı şəhəri BPİ-nin DYPİ-nin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməsini və onun barəsində qəbul edilmiş qərar dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərmişdir ki, o, Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX inspektoru 07 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri Bakıxanov prospekti ilə R.Behbudov küçələrinin kəsişməsində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobili ilə xidmətdə olarkən “Mersedes-Benz E270 CDİ” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü R.Behbudov küçəsindən Bakıxanov prospektinə dönərkən svetoforun qadağanedici işiğında hərəkətini davam etdirmiş bu faktı dərhal aşkar etdiyimdən avtomobilin mayakı və uzaq vuran işıqlarla avtomobili saxlaması üçün işarə vermiş, lakin Bakıxanov prospektindən hərəkət axını gəldiyindən təhlükəsizliyi təmin etmək məqsədi ilə hərəkət axınını buraxdıqdan sonra həmin nəqliyyat vasitəsinin arxasınca hərəkət etmişdir. Bundan sonra həmin sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra ona saxlanılmasının səbəbini izah etmiş, lakin sürücü xətanın mövcudluğunu qəbul etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edib sürücüyə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına, DVD diskindəki videogörüntüyə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 18 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.A.Əsgərov 07 mart 2022-ci il tarixdə, saat 19:03-də ünvan 1 ünvanında idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, R.A.Əsgərovun barəsində 07 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş 18 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan CD-R diskinlərindəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntünün 18:55 dəqiqəsində svetoforun qırmızı işığı yandığı halda gümüşü metallik rəngli bir avtomobil dayanmayaraq hərəkətini davam etdirir. Bir qədər sonra həmin avtomobilin arxa tərəfdən çəkilmiş videogörüntüsündə onun “Mercedes Benz E270 CDİ” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu görünür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, R.A.Əsgərov 07 mart 2022-ci il tarixdə ünvan 1 ünvanında idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qırmızı işığında keçmiş, bu hal Yol Patrul Xidmətinin əməkdaşlarının xidməti avtomobilinə quraşdırılmış “i-patrul” sistemi vasitəsilə aşkar edilərək qeydə alınmışdır. Bu səbəbdən də, R.A.Əsgərovun barəsində 07 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş 18.03.2022-ci tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş CD-R diskindəki videogörüntüyə əsasən isə müəyyən edilmişdir ki, R.A.Əsgərovun idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə şikayətdə iddia edildiyi kimi svetoforun yanıb-sönən yaşıl işığında deyil, məhz qırmızı işığında keçmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi R.A.Əsgərovun 07 mart 2022-ci il tarixdə “Mercedes Benz E270 CDİ” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi iş materialları ilə öz təsdiqini tapmış, həmçinin şikayətçi R.A.Əsgərovun özü də məhkəmə iclasında videogörüntünü izlədikdən sonra inzibati xəta törətdiyini etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin 18 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan R.A.Əsgərovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin 18 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1067/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1067/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver