Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1070/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 343.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 17.04.2021-ci il tarixdə saat 17:50-də “BMW 740Lİ” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə və yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Nəsimi rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 3(006)-1070/2021 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan verilmiş apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1148/2021 saylı, 17 may 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilərək Nəsimi rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 3(006)-1070/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəf məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq, heç bir qanun pozuntusu törətməmişdir. Belə ki, hadisə baş verən tarixdə o, sərxoş vəziyyətdə olsa da, nəqliyyat vasitəsini özü idarə etməmişdir. Avtomobil ayıq sürücü tərəfindən idarə olunmuş, həmin sürücü digər avtomobilin güzgüsünü vurmuş və hadisəni törətdikdən sonra hadisə yerindən qaçaraq yayınmışdır. Həmin sürücü avtomobili münasib yerdə saxlamadığından o, avtomobili 100-150 metr irəli sürməli olmuşdur. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq ekspert yanına aparsalar da, polis əməkdaşlarının onu orada tək qoyaraq getməsindən sonra həkim tibbi ekspert hal şahidlərinin iştirakı təmin olunmadığından müvafiq rəyi verməkdən imtina etmişdir. Bununla da, onun tərəfindən İXM-nin 343.2-ci maddəsinin tələbi pozulmamış, yəni zəruri tədbirlərin görülməsini təmin etmişdir. Digər avtomobilə vurulmuş zərərin əvəzini ödəmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qeyd olunaraq, barəsində 17.04.2021-ci il tarixli protokol tərtib olunmuş və həmin protokolun tərtib olunmasına əsas kimi Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etməsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 17.04.2021-ci il tarixli, 2/10361 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 17.04.2021-ci il tarixdə, saat 19:05 radələrində 1963-cü il təvəllüdlü Şəxs sərxoşluq vəziyyətinin yoxlanılmasından imtina olunmuşdur. İş materiallarından görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17.04.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol 17:50-də tərtib edildiyi halda, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 2/10361 №-li Akta əsasən Şəxs tibbi müayinəsinin keçirilməsindən 17.04.2021-ci il tarixdə saat 19:05-də imtina etmiş, yəni, Şəxs inzibati xəta törətməsinə dair protokol, inzibati xəta baş verməmişdən əvvəl tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Bu Məcəlləinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəlləsinin 96.5-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Sözügedən Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Lakin iş materiallarından aydın olur ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, Şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 17.04.2021-ci il tarixli, 2/10361 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktı tərtib edilsə də, şəxsin müayinə olunmasından imtina edilərək rəy verilməsindən imtina edilmiş, həmçinin hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bununla da, inzibati xətanın baş verməsi faktı məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Bakı şəhər BPİ X4 İdarəsinin Yol-Patrul Xidməti tərəfindən tərtib olunan 17.04.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1070/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1070/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver