Məhkəmə qərarları › İş №3(006)-1079/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1079/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1079/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 23A, mənzil 25; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100- 00068/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC 3.454,82 manat məbləğində gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokol və xx.xx.2023-cü il tarixli ekspert rəyindən aydın olur ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasının “Sahar Jabruti” şirkətindən 11D44710/11D44810 nömrə nişanlı nəqliyyat vasitəsilə gətirilən, R2022-86 nömrəli, xx.xx.2022-ci il tarixli invoys sənədi müşayiət edilən və **********9784 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların rəsmiləşdirilməsi zamanı XİFMN üzrə kodunun müəyyənləşdirilməsi məqsədi ilə X2 İdarəsinə müraciət edilmiş, həmin İdarədən daxil olmuş 2200-015/0xx-xx/000043 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində R2022-86 nömrəli, xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-ci mal mövqeyində göstərilən malın “Non Voven” adlı, səthi sıxlığı 11,3q/m2 olan, digər materiallarla hopdurulmamış, örtülməmiş və təkrarlanmamış, polipropilen (Cas 9003-07-0) əsaslı liflərdən ibarət, ağ rəngli toxunmamış material olduğu və XİFMN koduna görə ********** alt yarımmövqeyində sinifləşdirildiyinin müəyyən edildiyi bildirilmişdir. Belə olan halda XİFMN kodu yanlış bəyan edilmiş mala görə idxal gömrük rüsumu dərəcəsi qanunvericiliyə uyğun olaraq 15% müəyyən edilmişdir. Beləliklə, **********9784 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin mal mövqeyində bəyan edilmiş yüklərə görə Şəxs MMC (VÖEN: **********) tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 2.927,81 manat, ƏDV üzrə 527,01 manat, ümumilikdə 3.454,82 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: • idxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır (238.1-ci maddə); • gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır (238.2-ci maddə); • gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının X3in mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür (242.2-ci maddə); • gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir (243.1-ci maddə). “Azərbaycan Respublikasının X3 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 500 saylı Qərarı ilə təsdiq edilmiş X3 X5 Şərhetmə Qaydalarına müvafiq olaraq “hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar” mal mövqeləri adı altında XİF MN üzrə ********** saylı kod ilə sinifləşdirilən mallara dair 15% gömrük rüsumu (tarif) dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş ödənilməli olan 3.454,82 manat gömrük ödənişinin yetmiş faizi məbləğində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan 3.454,82 manat gömrük ödənişi məbləğinin 70 faizi – 2.418 (iki min dörd yüz on səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar