Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1081/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Tovuz rayonu, Qovlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 16:10da R.Behbudov küçəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-4552/2024 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdır. Qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-4552/2024 nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Şəxs barəsində həmin maddənin sanksiyası həddində qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-321/2025 nömrəli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-4552/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(006)-4552/2024 nömrəli qərarı ədalətli olaraq qəbul edilmişdir. Belə ki, o skuterlə hərəkətdə olan zaman avtobusa dəymişdir. Bu zaman onun sağ çiyni avtobusa dəymiş, lakin heç bir xəsarət almış, həmçinin, avtobusa maddi zərər dəyməmişdir. O, hətta avtobusun fotoşəklini çəkmiş, həmin fotoşəkildən də görüür ki, avtobusda heç bir iz olmamış və maddi zərər dəyməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş oqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, Bakı şəhər BPİ DYPİ-nin ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. Həmçinin, Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən hadisə yerinin foto şəkli, videogörüntüsü, yüngül zərərlə və ya maddi zərərin miqdarı ilə bağlı hər hansı rəy və ya sənədlər təqdim edilməmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinə geri qaytarılmalıdır. Belə ki, toplanmış material üzrə natamam araşdırma aparılmış, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ümumi sözlərlə Şəxs tərəfindən AR İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilsə də, konkret olaraq inzibati xətanın mahiyyəti, hadisə yerinin foto şəkli, videogörüntüsü, yüngül zərərlə və ya maddi zərərin miqdarı ilə bağlı hər hansı rəy və ya sənədlər əlavə edilməmişdir ki, bu da xətanın mahiyyətinin aydın və dəqiq göstərilməməsinə, protokol və digər sənədlər düzgün tərtib olunmadığına və təqdim edilmiş materiallar natamam olduğuna dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iş materillarına hadisə yerinin foto şəkli və video görüntüsü, sağlamlığına yüngül bədən xəsarəti və ya zərərçəkmiş şəxsə maddi zərərin miqdarı ilə bağlı hər hansı rəy və ya digər sənədlər əlavə olunmadığından və inzibati xətanın mahiyyəti göstərilmədiyindən, yəni protokol və digər sənədlər düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan protokol və toplanmış material Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinə qaytarılsın. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1081/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1081/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver