Məhkəmə qərarları › İş №3(006)-1082/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1082/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1082/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi protokolu tərtib etmiş qurum: X1 Barəsində inzibati xəta haqqında Azərbaycan Respublikasının Mərkəzi iş üzrə icraat aparılan şəxs: Bankının nümayəndəsi Xaspoladov Orxan Raiq oğlunun iştirakları ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı barəsində Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş 31.03.2021-ci il tarixli, 00100-2542/20/1 saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X2 izahatında bildirdi ki, **********5782 saylı gömrük bəyannəməsinə əsasən Almaniyada fəaliyyət göstərən «G+D CURRENCY TECHNOLOGY GMBH» şirkəti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının ünvanına göndərilən mallar 13.11.2020-ci il tarixdə ölkəyə daxil olmuş, bəyannamənin 40-cı qrafasında qısa idxal bəyannaməsinə dair məlumat qeyd olunmamışdır. Bununla da qurum tərəfindən ölkəyə gətirilən mallar barədə əvvəlcədən gömrük orqanına qısa idxal bəyannaməsi təqdim edilmədiyindən onun barəsində qanuni və əsaslı olaraq İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 izahatında bildirdi ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla, habelə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan Mərkəzi Bank barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.07.2017-ci il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi” Qaydalarına əsasən protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qaydalara 1 nömrəli əlavədə protokol, qərar (qərardad) blanklarının spesifikasiyasının tələbləri konkret şəkildə göstərilmişdir. Belə ki, həmin əlavəyə görə inzibati xəta haqqında protokol blankları iki səhifədən və iki nüsxədən ibarət olmalıdır. Blankın birinci nüsxəsi ağ rəngdə olmaqla, kağızı yazını (diyircəkli) qələmlə yazılan zaman ikinci nüsxəyə keçirən (özükeçirən) olmalıdır. Blankın ikinci nüsxəsi rəngli olmaqla, kağızı yazı keçirən olmamalıdır; blank çoxçalarlı ofset üsulu ilə çap olunmalı, blankın bütün nüsxələrinin üzərindəki nömrələr qara mürəkkəblə çap edilməlidir; blankın üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikasının Dövlət gerbi göstərilir. Bundan başqa Qaydalara 1-1 nömrəli əlavədə isə elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blanklarının spesifikasiyası göstərilmişdir. Bu əlavəyə görə elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blankları (bundan sonra - blank) ciddi hesabat sənədinin seriyasını və nömrəsini özündə əks etdirməli, lakin üzərində sətir və göstəricilər olmadan boş hazırlanmalıdır; kağızın tərkibində olan müdafiə işarələrinin saxta olub-olmamasını xüsusi vasitələrlə yoxlamaq imkanı olmalıdır; blankın üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikasının Dövlət Gerbi göstərilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqına protokol ciddi hesabat sənədi olmaqla, onu hazırlayan, müvafiq uçotu aparan və sifariş üzrə aidiyyəti qurumları həmin sənədlərlə təmin edən məsul orqan kimi yalnız Maliyyə Nazirliyi müəyyən edilmişdir. Lakin hazırkı protokol ciddi hesabat sənədi hesab olunaraq onun formasına dair müəyyən edilmiş tələblərə cavab vermədən tərtib edilməklə kobud pozuntuya yol açdığından hər hansı hüquqi nəticə yaratmamalıdır. Qeyd edilənləri nəzərə alaraq iş üzrə materialların protokolu tərtib edən orqana geri qaytarılmsı xahiş olunur. İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.07.2017-ci il tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”na görə:  protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir (1.2-ci bənd);  aidiyyəti orqanlar növbəti ilin tələbatına uyğun proqnozlaşdırılan protokol, qərar (qərardad) blanklarının miqdarı barədə hər il iyulun 1-dək Nazirliyə rəsmi müraciət edirlər (2.1-ci bənd);  elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blankları bu Qaydaların 1-1 nömrəli əlavəsi ilə müəyyən edilmiş spesifikasiyaya uyğun hazırlanır (2-1.1-ci bənd);  elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blanklarının hazırlanması, təqdim edilməsi, onların istifadəsinin uçotunun və hesabatının aparılması bu Qaydaların 2-ci (2.2-ci bəndi istisna olmaqla) və 3-cü hissələri ilə tənzimlənir (2-1.2-ci bənd);  növbəti il üçün tələb olunan protokol, qərar (qərardad) blanklarının ümumi miqdarı müəyyən edildikdən sonra onların təsdiq edilmiş formalara uyğun hazırlanması (sifarişi) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilir. Protokol, qərar (qərardad) blankları bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən olunmuş spesifikasiyaya uyğun hazırlanır (2.2-ci bənd);  nazirlik tərəfindən verilmiş protokol, qərar (qərardad) blanklarının uçotu “Qeydiyyat kitabı”nda aparılır. Kitabın hər səhifəsi nömrələnməklə qaytanlanır, Nazirliyin vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir (2.6-cı bənd). Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 21.05.2021-ci il tarixli, MİKO/1.1-2-2021-1063 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” 18 noyabr 2016-cı il tarixli, 466 nömrəli Qərarı ilə inzibati xəta haqqında protokolun forması təsdiq edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.07.2017-ci il tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən protokol blanklarının hazırlanmasına sifarişin verilməsi, istifadəsinin uçotunun və hesabatının aparılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir və həmin blanklar çap olunaraq təşkilatların müraciətlərinə uyğun olaraq rəsmiləşdirilərək verilir. Lakin keçən dövr ərzində Maliyyə Nazirliyi tərəfindən Dövlət Gömrük Komitəsinə inzibati xəta haqqında protokol blankı verilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında protokol Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydalara uyğun ciddi hesabat sənədi olan blankda tərtib edilməmişdir. Eyni zamanda protokol blanklarının hazırlanmasına sifarişi verən və istifadəsinə dair uçotu aparan Maliyyə Nazirliyinin məktubundan da göründüyü kimi protokolu tərtib edən quruma ötən il ərzində belə bir blank verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı barəsində Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş 31.03.2021-ci il tarixli, 00100-2542/20/1 saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar