Məhkəmə qərarları › İş №3(006)-1083/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1083/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1083/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi X3, Zərər çəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zafer Civelekin iştirakı ilə, xx.xx.1961-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Zafer Civelekin Zafer Civelek barəsində Azərbaycan Respublikasının İXM-in 198.3-cü maddəsi ilə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Prokurorluğundan Zafer Civelek barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 10 mart 2022-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003- 91DST”nin 1.2, 1.4, 2.1.5 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru Zafer Civelek tərəfindən pozulmuşdur. Belə ki, X4 ünvan 2 ünvanında yerləşən “Yelkən” adlı otelin zirzəmisində quraşdırılmış avadanlıqla 13.12.2021-ci il tarixdə saat 11 radələrində işləyən zaman barmağı kəsilməklə az ağır xəsarət almasına səbəb olmuşdur. Bununla da, Zafer Civelek tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Nəsimi rayon prokurorunun köməkçisi X5 qərarın dəlillərini müdafiə edərək, Zafer Civelek barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zafer Civelek izahatında göstərmişdir ki, o, təhlükəsizliklə bağlı tələblərə riayət etmiş və bununla bağlı lazımi tədbirləri görmüşdür. X4 barmağının kəsilməsində onun heç bir təqsiri yoxdur. Belə ki, o, Asif Xurşudlunu həmin avadanlıqla işləməməsi ilə bağlı qabaqcadan xəbərdar etmiş, lakin buna baxmayaraq sonuncu həmin avadanlığı işlətmiş, avadanlığı söndürkdə isə o dayanmayaraq Asif Xurşudlunun barmağını kəsmişdir. Göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X6 izahatında göstərmişdir ki, hər gün sahə rəhbərləri tərəfindən onlara təhlükəsizliklə bağlı təlimatlar verilirdi. Bu hadisənin baş verməsinə səbəb öz diqqətsizliyi olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Zafer Civelek tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X8 17.01.2022-ci il tarixli 1254 saylı rəyindən görünür ki, A.D.Xurşudlunun bədənində aşkar edilmiş xəsarətlər – sol əlin İİİ barmağının orta falanqa səviyyəsindən travmatik amputasiya ilə nəticələnən mişarlanmış yarası, sol əlin İV barmağının açıcı vətərin zədələnməsi ilə müşayiət olunan mişarlanmış yarası və sol əlin V barmağının mişarlanmış yarası mişarlayıcı əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün X2 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 13.12.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla (15%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aiddirlər. A.D.Xurşudlunun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, yüksək sürətlə fırlanan elektrik mişarının kədər hissələrinin təsirindən əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22.02.2022-ci il tarixli, 10/771 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91DST”nin 1.2, 1.4, 2.1.5 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. "xxxx" MMC-nin istehsalat sahəsində istifadə olunan avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istismarına yol verildiyinə, avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinə (mişara) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə, “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91DST”nin 1.2, 1.4, 2.1.5 bəndlərinin tələbləri "xxxx" MMC-nin rəhbəri tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda X4 özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, X4 xəsarət alması faktında "xxxx" MMC-nin direktoru Zafer Civeleyin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində AR İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Zafer Civelek tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Zafer Civelek həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Zafer Civelekin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Zafer Civelekin törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zafer Civelek Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar