Məhkəmə qərarları › İş №3(006)-1084/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1084/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1084/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-də X7 və X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işə (xidmətlərə) cəlb edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi A.B.Əliyev inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Bundan başqa A.B.Əliyev məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparıldığından yoxlamalar inzibati xətanın törədildiyi yerdə deyil yalnız tərəflər idarəyə dəvət olunmaqla onların izahatı əsasında aparılır. Bundan başqa tərəflərindən araşdırılmanın aparılması ilə bağlı Şəxs MMC-yə bildirişlər və daha sonra onların iştirakı olmadan tərtib edilmiş protokolun surəti göndərilmişdir. Həmin sənədlər məhkəməyə təqdim olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi V.Ə.Bağırlı bildirmişdir ki, MMC barəsində inzibati xəta haqqında protokol onun iştirakı təmin edilmədən və izahatları alınmadan tərtib edilmişdir. X5 heç bir sənəd və ya sübut təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilə şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, 28 yanvar 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixlərdə çalışdığı Şəxs MMC şirkətində proyekt menecer vəzifəsində çalışarkən işçilərin maaşlarının verilmədiyini görüb müəssisə rəhbərinə maaşının ödənilməsini, əks təqdirdə şikayətini aidiyyəti qurumlara edəcəyi bildirərək işdən ayrılmış, lakin heç bir cavab və ödəniş almamışdır. O, MMC-də işləyərkən əmək müqaviləsi imzalamamışdır. İş yoldaşları Xanım Rəhimli, Emin Əmirov, Nərmin Kərimli və Vüqar Bağırov olmuşdur. Onun MMC-də iş fəaliyyəti bazar araşdırmasının edilməsi, potenisal müştəri siyahısının hazırlanması, müştərilərlə telefonda əlaqə yaradılması, görüş təyin edilməsi və görüşlərə getməkdir. Görüşlərə getdiyi yerlər “BMP Babək”, “BMP Medilux”, “Bahçeci Bakı” və Mərkəzi Klinika olmuşdur. Məhkəmə iclasında ilə şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, 26 oktyabr 2020-ci il tarixdən 15 mart 2021-ci il tarixədək əmək müqaviləsi olmadan Şəxs MMC-də qrafik dizayner olaraq fəaliyyət göstərmişdir. 28 oktyabr 2020-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək Şəxs MMC tərəfindən ona əmək haqqı əldən, dekabr isə pandemiya şəraitində evdən işlədiyi üçün debet kartına mədaxil etmişdir. MMC-nin direktoru ona əmək müqaviləsi bağlamağı söz versə də sözünə əməl etməyərək əmək müqaviləsi bağlamamış, yanvar və fevral ayının əmək haqqısı ödənməmiş və onu işdən azad etmişdir. Onun iki aylıq, yəni yanvar-fevral ayının əmək haqqısını ödəniləcəyi deyilsə də əmək haqqısı ödənilməmişdir. Belə ki, MMC ilə arasında olan mesajlar var və iş yoldaşları İlkanə Əsədova, Xanım Rəhimli, Emin Əmirov və təcrübəçi Nərmin Kərimli onun MMC-də işləməsini təsdiq edə bilərlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 13 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan vətəndaş İ.A.Əsədovanın 15 mart 2021-ci il tarixli müraciət vərəqəsindən görünür ki, o, Əhməd Rəcəbli küçəsi 1/6, Badamdar plaza 4-cü mərtəbəsində yerləşən Şəxs MMC-də 28.01.2021-ci il tarixindən 28.02.2021-ci il tarixənədək sözügedən təşkilatda rəsmiləşdirilməmiş əmık fəaliyyətinə cəlb olunmuş, lakin fəaliyyət göstərdiyi dövr üçün əmək haqqı ödənilməmiş, vətəndaş bu haldan narazıdır. Aidiyyəti üzrə araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş edir. İş materiallarında olan vətəndaş A.Ə.Rzayevanın 10 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, 2020-ci il noyabrdan 2021-ci il fevral ayına qədər əmək müqaviləsi bağlayacağını deyərək onu qrafik dizayner vəzifəsi üzrə işə götürmüş, lakin sözünə əməl edilməmişdir. Yanvar-fevral ayları ödənişi etmədən işdən azad etmişdir. Onun iki aylıq yanvar-fevral ayı ödənişinin edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi tərəfindən İ.A.Əsədovanın və A.Ə.Rzayevanın Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işə (xidmətlərə) cəlb edilmiş və MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Şəxs MMC-də monitorinqin aparılması zamanı MMC ilə işçilərdən İ.A.Əsədova və A.Ə.Rzayeva arasında heç bir əmək müqaviləsi və ya xidməti müqavilənin bağlanmadığı aşkar edilmişdir. Yəni, Şəxs MMC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, 8 aya yaxın bir müddət ərzində həmin işçi ilə heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan onu işə cəlb etmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar