Məhkəmə qərarları › İş №3(006)-1085/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1085/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1085/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi 23 aprel 2021ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(103)- 484/2020 nömrəli icra vərəqəsinə əsasən 05 oktyabr 2013-cü il təvəllüdlü X7 icbari təhsildən kənarlaşdırılmasının cavabdeh X4 qadağan edilməsi və X7 atası Zərərçəkmiş şəxs ilə ünsiyyətinə edilən maneələrin aradan qaldırılması qərara alınmışdır. Lakin Şəxs mütəmadi olaraq uşağı təhsildən ayırmış və onun atası ilə sərbəst görüşünü təmin etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1085/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərarı ilə Hacılı-X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1085/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərarından Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1209/2020 saylı, 26.05.2021 tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1085/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və icra məmuru Nəzrin İbişova məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Şəxs, Zərərçəkmiş şəxs və icra məmuru Nəzrin İbişovanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(103)-484/2020 nömrəli icra vərəqəsinə əsasən 05 oktyabr 2013-cü il təvəllüdlü X7 icbari təhsildən kənarlaşdırılmasının cavabdeh X4 qadağan edilməsi və X7 atası Zərərçəkmiş şəxs ilə ünsiyyətinə edilən maneələrin aradan qaldırılması qərara alınmışdır. İş materiallarında olan “İcraata başlama haqqında” 18.09.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(103)- 484/2020 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan "xxxx" Təhsil Kompleksi MMC-nin direktoru Françesko Bankini tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış 10 mart 2021-ci il tarixli, 25 saylı məktubdan görünür ki, ibtidai sinif şagirdi Leyla Əli 2020-ci ilin sentyabr ayından 2021-ci ilin iyun ayınadək dərslərin əksər hissəsində iştirak etmişdir. İş materiallarında olan “Güvən” klinikasından verilmiş arayışdan görünür ki, X10 01 mart 2021-ci il tarixdə müayinə olunmuş və ona dərslərdə iştirakına icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X10 xəstə olması səbəbindən, onun bir müddət atası Zərərçəkmiş şəxs ilə görüşünün təşkili üzürlü səbəbdən baş tutmamış, yəni Şəxs tərəfindən onların görüşünə hər hansı bir maneə törədilməmişdir. Beləliklə, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar