Məhkəmə qərarları › İş №3(006)-1085/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1085/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1085/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi protokolu tərtib etmiş: X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mkr-n, ev 60, mənzil 89, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-cü maddəsi üzrə tərtib olunmuş 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 09.03.2022-ci il tarixdə www.incilab.az saytında fərdi məlumatların mülkiyyətçisi Şəxs MMC tərəfindən fərdi məlumatların mühafizəsi təmin olunmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X3 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq Xidmət tərəfindən ölkədə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili və kiberhücumların qarşısının alınması məqsədi ilə internet informasiya ehtiyatlarının fəaliyyətinin monitorinqinin aparılması nəticəsində Şəxs MMC-yə məxsus “www.incilab.az” internet informasiya ehtiyatında zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən analiz nəticələrinin toplanıldığı və işlənildiyi informasiya sistemindən həmin laboratoriyanın xidmətlərindən istifadə edən şəxslərin fərdi məlumatlarının kənar şəxslər tərəfindən asanlıqla əldə edilməsinin mümkünlüyü, yəni şirkətə məxsus xəstələrin analiz nəticələrinin toplanıldığı, saxlanıldığı və işlənildiyi informasiya sistemində qanunvericilikdə nəzərdə tutulan texniki tədbirlərin həyata keçirilməməsinin mövcudluğunu göstərən kifayət qədər hallar aşkar edilmişdir. Edilmiş xəbərdarlıqdan sonra bu nöqsanlar aradan qaldırılmışdır. Şirkətin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş www.incilab.az saytından əldə edilmiş çıxarışlardan aydın olur ki, müxtəlif şəxslərin laborator analizlərinin nəticələrini əks etdirən məlumatların kənar şəxslər tərəfindən əldə edilməsi mümkündür. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa görə:  fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır (5.5-ci maddə);  mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir (5.8-ci maddə);  fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir (10.1-ci maddə); Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.2-cü maddəsi aptek təşkilatlarına dair tələblərin pozulmasına görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 375.0.2-cü maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar