Məhkəmə qərarları › İş №3(006)-1086/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1086/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1086/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sabiq işçi X1 əsassız və həqiqətə uyğun olmayan, “qisas” xarakterli müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 fevral 2021-ci il tarixli, 1065167-saylı Qərarı ilə o, “xxxx” MMC-nin İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə 1700 (bir min yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Sözü gedən Qərar ona 12 mart 2021-ci il tarixdə təqdim edilmişdir. X4 Xidmətinin Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” olan bu 26 fevral 2021-ci il tarixli, ******* saylı Qərarından göründüyü kimi, onun qəbul edilməsinə əsas bu İdarənin 16 fevral 2021-ci il tarixli, 0688214saylı inzibati xəta haqqında protokolu olmuşdur. Bununla belə, adı gedən “İnzibati tənbeh vermə haqqında” olan 26 fevral 2021-ci il tarixli, ******* saylı Qərar və onun qəbul edilməsinə əsas olmuş 16 fevral 2021-ci il tarixli, 0688214-saylı İnzibati xəta haqqında protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş, ona bu barədə hər-hansı rəsmi bildiriş göndərilməmiş, bu protokolun nüsxəsi isə ümumiyyətlə ona təqdim edilməmişdir. X4 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” olan 26 fevral 2021-ci il tarixli, ******* saylı Qərarını aşağıdakılara görə əsassız və qanunsuz hesab edir, onun ləğvini xahiş edir. X2 20.06.2019-cu il tarixdə bir il müddətinə Gömrük Rəsmiləşdirilməsi Xidmətləri üzrə Mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və onun rəsmi iş yeri Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km göstərilmişdir. Ə.F.Məmmədbəyov işlədiyi müddətdə daim, mütəmadi nizam intizam qaydalarını pozmuş, işə vaxtında gəlməmiş, öz əmək funksiyalarını qüsurlu yerinə yetirmişdir. Cəmiyyətin Bakı Gömrük Bölməsinin rəhbəri S.Əlilinin 24.09.2020-ci il tarixli təqdimatından göründüyü kimi, “Gömrük Rəsmiləşdirilməsi Xidmətləri üzrə Mütəxəssisi” X2 24.09.2020-ci il tarixdə saat 12:30-da heç bir məlumat vermədən iş yerini növbəti dəfə tərk etmiş və iş vaxtının sonunadək işə geri qayıtmamışdır. Bundan sonra 25.09.2020-ci il tarixdə S.Əlili yenidən təqdimat verərək bildirmişdir ki, adı gedən işçi Ə.Məmmədbəyov bu dəfə də heç bir məlumat vermədən, üzürlü səbəb göstərmədən, müvafiq izahat vermədən iş günü ərzində işə çıxmamışdır. Qeyd olunanlarla əlaqədar Ə.F.Məmmədbəyova 25 sentyabr 2020-ci il tarixdə Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərinin biri - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan sonra da Cəmiyyətin Hüquq məsələləri və İnsan Resursları üzrə Baş Direktorunun müavininin sorğusuna cavabında Cəmiyyətin Mühafizə Rəisi Telman Sefıxanov da bildirmişdir ki, Ə.Məmmədbəyov 28.09.2020-ci il tarixdə ona heç bir məlumat vermədən, şifahi yaxud yazılı izahat təqdim etmədən işə çıxmamışdır. Ə.F.Məmmədbəyov bununla da Cəmiyyətin daxili nizam intizam qaydalarını, Əmək Müqaviləsinin şərtlərini növbəti dəfə kobud şəkildə pozmuş, heç bir üzürlü səbəb olmadan işə çıxmamaqla öz əmək funksiyalarını yerinə yetirməmiş, heç bir şifahi, yaxud yazılı izahat verməmişdir. Onun bu hərəkətləri Cəmiyyətin normal iş ahəngini növbəti dəfə pozmuş, daxili intizam qaydalarına, etik davranış qaydalarına xələl gətirmişdir. Nəzərə alaraq ki, Ə.F.Məmmədbəyov bundan öncə də nizam-intizamı kobud şəkildə pozmuş və bunun nəticəsində eyni səbəb, əsaslarla Cəmiyyətin 25 sentyabr 2020-ci il tarixli, Dİ-06-saylı Əmri ilə də ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir, sonuncuya 28 sentyabr 2020ci il tarixdə Dİ-07/20 saylı Əmrə əsasən Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərinin biri verilərək Ə.F.Məmmədbəyovla bağlanmış Əmək Müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilmişdir. Ə.F.Məmmədbəyovun guya hansısa işçinin ona işdən çıxma barədə ərizə yazmalı olduğunu deməsi həqiqətə uyğun deyil, sonuncu tərəfindən Cəmiyyətin işçilərinə atılmış böhtandır, “qisas” almaqdır. Bununla əlaqədar tərəfimizdən Əmək Müfəttişliyinə də bildirilmişdir ki, nə rəhbərlik, nədəki hər-hansı işçi tərəfindən heç bir zaman ona işdən çıxma barədə ərizə yazmalı olduğu bildirilməmişdir, əgər belə bir hal mövcud olsaydı sonuncu bu barədə Cəmiyyətin Baş Direktoruna yazılı məlumat verəcəkdi. Ə.F.Məmmədbəyov işdən azad edildikdə onunla hesablaşmanın aparılması tam yerinə yetirilmiş, istifadə etmədiyi 38 məzuniyyət günü tam məbləğdə konpensasiya edilmişdir. Qeyd olunan halları tam təsdiq edən sənədlər/sübutlar Əmək Müfəttişliyinə müvafiq qaydada və müddətdə, sonuncunun tələbi ilə təqdim edilmişdir, buna baxmayaraq mənə məlum olmayan səbəblərdən barəmdə şikayətləndirdiyimiz Qərar çıxarılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3. maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilənləri nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə lazımi qaydada məlumat verilsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 16 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar