Məhkəmə qərarları › İş №3(006)-1094/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1094/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1094/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin DYPİ-nin Yol Patrul Xidmətinin 02 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin DYPİ-nin Yol Patrul Xidmətinin 02 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 02.03.2021-ci il tarixdə, Baki şəhəri, Fizuli 53 küçəsində o, idarə etdiyi, “Mersedes C240” markalı, **-KU-*** dövlət nömrə qeydiyyatlı avtomobili ilə sol zolaq ilə hərəkətini qeyri-qanunu olduğunu iddia edərək DYRİ Yol patrul inspektoru R.M.Qurbanov AR İXM-nin 327.1-ci maddəsi üzrə protokol tətbiq etmişdir. O, sol zolaq üzrə hərəkət edəndə yol ayrıcına çatan zaman bu zolağın yerdə sola 2 dəfə qısa məsafə ilə (1.18) nişani görmüş, sağ tərəfdə digər hərəkət iştirakçıları olduğuna görə və 1.1 nişanın tələbin pozmadan məcburi düzünə hərəkətini davam etdirmişdir. Halbuki bu hərəkət hissəsində nişanlanma 20-30 metrdən bir en azı 3 dəfə təkrarlanmır və 5.8.1, 5.8.2 nişanları isə quraşdırılmayıb. O, yalnız yol ayrıcına çatana yaxın yerdə (1.18) bunu görə bilir. Yerdə sola və sağa dönmə nişanları varsa əvvəlcədən 5.8.1, 5.8.2 nişanları quraşdırılmalıdır ki, o, yol ayrıcına çatana qədər öz mövqeyini seçsin və bu QOST 23457-86 və “Yol nişanlarının qurasdırılmasının texniki reqlanmenti”nin tələbini pozur. Yalnız YHQ yeterli qalmayır bunu yerində yol inspektorunun özünə bir neçə dəfə deməsiyiə razı olmadı və dediklərinin haqsız olduğu iddia edərək protokol tərtib etdi. 17.04.2021-ci il tarixdə BŞBPİ-nin polkovniki tərəfindən onun şəxsi telefonuna zəng vuraraq isə bunu (düzgün pozuntu halı) düzgün olduğunu, amma onun nişanlar barədə məlumatladirmasından sonra bunun bu nişanlarin BNA tərəfindən baxılmasını bildirdi. Göstərilənlərə əsasən Bakı şəhər BPİ-nin DYPŞ tərəfindən qanunsuz olaraq tərtib edilmiş 02 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın əsassız hesab edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.N.Nadirli şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, Füzuli küçəsində sol zolaqda hərəkət edən zaman 5- 7 metr məsafə uzaqlıqda sola dönmə nişanı görmüş, lakin buna baxmayaraq düz istiqamətdə hərəkətinə davam etmişdir. Belə ki, yerdə nişan pozulubsa və qar varsa onun yol nişanını görməsi mümkün olmamış, ən azı 5.8.1-ci yol nişanı 3 dəfə təkrarlanmalıdır. Lakin o, yol ayrıcına çatanda həmin yol nişanını görmək imkanı olmuşdur. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 02 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, R.N.Nadirli həmin tarixdə, saat 09:43-də Bakı şəhəri, ünvan 1 ünvanında idarə etdiyi “Mercedes Benz C240” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, R.N.Nadirlinin barəsində 02 mart 2021-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında idarə etdiyi “Mercedes Benz C240” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozma halına yol verməsi ilə bağlı Bakı şəhəri BPİ-nin DYPİ-nin əməkdaşı tərəfindən 02 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarı ilə R.N.Nadirli Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, şikayətçi R.N.Nadirli polisə barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən yol nişanlarının qanunveriliyin tələblərinə əsasən düzgün qurulmadığı nəzərə almamış və barəsində əsassız olaraq protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, R.N.Nadirlinin barəsində Bakı şəhər BPİ-nin DYPİnin Yol Patrul Xidməti tərəfindən 02 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında 12 mart 2021-ci tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar sonuncunun iştirakı olmadan qəbul edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, R.N.Nadirlinin barəsində 12 mart 2021-ci tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta haqqında İXP ******* protokol tərtib edilərkən yol nişanlarının qanunveriliyin tələblərinə əsasən düzgün qurulmaması nəzərə alınmamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin 7-ci bəndinə əsasən yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və R.N.Nadirlinin barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin Yol Patrul Xidmətinin 02 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 12 mart 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Bakı şəhər BPİ-nin DYPİ-nin Yol Patrul Xidmətinin 02 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 12 mart 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar