Məhkəmə qərarları › İş №3(006)-1100/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1100/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1100/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 avqust 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs MMC “Nazlifan” minik markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 09 iyul 2020-ci il tarixdə, saat 12:22-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi V.S.Məmmədli bildirmişdir ki, Nəsimi rayon polis idarəsi tərəfindən “Nazlifan” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumat verilməsi üçün ünvanlanmış sorğu 24.07.2020-ci il tarixdə MMC-yə daxil olmuş, elə həmin tarixdə MMC-nin “xxxx”nda qeydiyyata alınmış, həmin gün, yəni 24.07.2020-ci il tarixdə cavab məktubu imzalanaraq poçt xidmətinə təqdim edilmişdir. Göründüyü kimi, MMC tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmuş və sorğuya vaxtında cavab verilmişdir. Bundan başqa, Nəsimi RPİ tərəfindən inzibati xəta haqqında protokolun düzgün tərtib edilməmiş, protokol tərtib edilərkən MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş və hüquqlar izah edilməmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXMnin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin Şəxs MMC-yə ünvanladığı 09 iyul 2020-ci il tarixli sorğudan görünür ki, həmin MMC-nin mülkiyyətində olan “Nazlifan” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 09 iyul 2020-ci il tarixdə, saat 12:22-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu 17 iyul 2020-ci il tarixdə “Səbiyeva.T” adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan dublikat çekin surətindən görünür ki, Şəxs MMC tərəfindən cavab məktubu Nəsimi RPİ-yə 28 iyul 2020-ci il tarixdə çatdırılmışdır. İş materiallarında olan Şəxs MMC-nin 24 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Nəsimi RPİ DYPŞ-nin 09 iyul 2020-ci il tarixli sorğusuna MMC tərəfindən 24 iyul 2020-ci il tarixdə cavab verilmiş və MMC-nin mülkiyyətində olan “Nazlifan” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş sürücü barədə məlumatlar qeyd edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin “xxxx”ından görünür ki, MMC tərəfindən Nəsimi RPİ-nin sorğusuna cavab məktubu 24 iyul 2020-ci il tarixdə göndərilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən qanunla müəyyən edilmiş müddətdə nəqliyyat vasitəsinin kimin istifadəsində olması barədə məlumatlar Nəsimi RPİ-nin DYPŞ-nə verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar