Məhkəmə qərarları › İş №3(006)-1100/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1100/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1100/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X2 Baş Dövlət Yol Polis İdarəsinin 29 dekabr 2024-cü il tarixli EQ seriyalı 25281162 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin 29 dekabr 2024-cü il tarixli EQ seriyalı 25281162 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-ci il tarixində idarə etdiyi **-SU-*** dövlət nişanlı “KİA” markalı avtomobilini Dilarə Əliyeva küçəsində park etmişdir. Həmin gün İXM-nin 346.1-ci maddəsi ilə cərimələnmə barəsində xəbər almışdır. Həmin yerdə 3.28 (durmaq qadağandır) nişanın təsir zonası olmuş, və hesab edir ki əlilliyi olduğuna görə həmin yerdə avtomobili saxlamaq icazəlidir. Qadağan nişanlarının qüvvəsi 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə şamil edilmir. Bu maddədən belə qərara gəlmək olar ki, əlillərə həmin nişanın təsir zonasında saxlamağa icazə verilir. Lakin BDYP idarəsində araşdırmalar zamanı inzibati işlər üzrə inspektor avtomobilin arxa şüşəsində əlil nişanın olmadığını bildirib və etirazlarında razılaşmamışdır. Nəticədə məhkəməyə müraciət etmək üçün onlardan qərarı istəmişdir. Qeyd olunanları nəzərə alaraq, 29 dekabr 2024-cü il tarixli EQ seriyalı 25281162 saylı qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, şikayətçinin və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 29 dekabr 2024-cü il tarixli EQ seriyalı 25281162 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə edilməsi barədə qərarlar Bakı şəhər BPİ X6 İdarəsi tərəfindən ləğv edilərək icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin 29 dekabr 2024-cü il tarixli EQ seriyalı 25281162 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsinin 29 dekabr 2024-cü il tarixli EQ seriyalı 25281162 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar