Məhkəmə qərarları › İş №3(006)-1102/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1102/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1102/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Gəncə şəhəri, Bakı küçəsi, dalan 02, ev 02-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:20 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi ilə hərəkət edib Zorge küçəsində işıqforun qadağanedici işarəsi verilərkən yol ayrıcına daxil olaraq X2 idarə etdiyi “Mercedes-Benz” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomobildə olan Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi və barəsində icraat aparılan şəxs Şəxs gəlməmiş, eyni zamanda Şəxs ilə telefon vasitəsilə əlaqə saxlanıldıqda, sonuncu hazırki iş üzrə ona cərimə olunmasına dair X9 İdarəsindən məlumat göndərildiyini deyərək prosesdə iştirak etməyəcəyini söyləmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxeminə və fotoşəkillərə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Zorge və Nizami küçələrinin kəsişməsində baş vermişdir; • Şəxs xx.xx.2022-ci il tarixdə verdiyi izahatında göstərilir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 18:20 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Zorge və Nizami küçələrinin kəsişməsində diqqətsizlik edərək svetaforun qırmızı işığında hərəkətini davam etdikdə yolayrıcına daxil olmuşdur. Nəticədə sol tərəfdən Zorge küçəsi ilə hərəkətdə olan “Mercedes-Benz” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törənmişdir; • Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş izahatda qeyd olunur ki, o, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvana getmək üçün metronun “28 May” stansiyasının yaxınlığında “Mercedes-Benz” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa minib Xətai rayonu istiqamətinə gedirdi. Həmin vaxtı Nəsimi rayonu, Zorge keçəsi ilə Nizami küçəsinin kəsişmələrində olarkən “Toyota Prius” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sərnişin olduğu mikroavtobusla toqquşmuşdur. Bunun nəticəsində o, baş və hər iki ayaq nahiyələrindən xəsarət almışdır. Hadisəni törədən sürücü tərəfindən ona heç bir köməklik göstərilməmişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X6 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1735 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 38 saylı şəhər poliklinikasında müraciət etmiş və ona “sağ budun arxa nahiyəsinin yumşaq toxumalarının hematoması” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür; • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Web Portalından çıxarışdan görünür ki, AE seriyalı, 134759 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 19.05.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r; • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Web Portalından çıxarışdan görünür ki, “Toyota Prius” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2023-cü il tarixədək Şəxs verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona bu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar