Məhkəmə qərarları › İş №3(006)-1103/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1103/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1103/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Ucar rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Ucar rayonu, Alpout kəndində ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 fevral 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 19 yanvar 2023-cü il tarixdə, saat 11:10 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi ilə hərəkətdə olan zaman Bəşir Səfəroğlu küçəsinin kəsişməsində Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 61-ci maddəsini pozaraq “Nissan” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə, saat 11:10 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi ilə hərəkətdə olan zaman Bəşir Səfəroğlu küçəsinin kəsişməsində ehtiyatsızlıq edib stop nişanını gözləmədiyi üçün Bəşir Səfəroğlu küçəsində hərəkətdə olan M.A.Heybətovun idarə etdiyi “Nissan” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Onun avtomobilinin qabaq hissəsinin sağ tərəfi digər avtomobilin qabaq hissəsinə toxunmuşdur. Həmin an sərnişin Zərərçəkmiş şəxs xəsarət almış və o sonuncuya yaxınlaşıb tibbi yardıma ehtiyacı olub-olmamasını soruşmuş, lakın Zərərçəkmiş şəxs ehtiyac olmadığını söyləmiş və başqa taksi ilə oradan uzaqlaşmışdır. Həmçinin o bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Atası vəfat etmiş və anası və qardaşı onun himayəsindədir. Ailənin yeganə qazanc gətirən şəxsidir. Taksi fəaliyyəti ilə məşğul olmaqla, həm də işlədiyi şirkətin məhsullarını daşımaqla ailəsini dolandırır və 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs M.A.Heybətov izahatında göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə, saat 11:10 radələrində idarə etdiyi “Nissan” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi ilə hərəkətdə olan zaman Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yol ayrıcına daxil olarkən həmin küçədən hərəkətdə olan Şəxs idarə etdiyi “Toyota” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Onun avtomobilinin qabaq hissəsi sağ tərəfi digər avtomobilin sağ tərəfinə toxunmuşdur. Həmçinin o bildirmişdir ki, hadisə zamanı xəsarət almamış,lakin avtomobilinə ziyan dəymiş və həmin ziyan sonuncuya siğorta şirkəti tərəfindən ödənilmişdir. Avtomobilində olan sərnişin dərhal avtomobildən düşmüş və Şəxs başqa avtomobil çağıraraq onu yola salmışdır. Onun və qohumu olan Zərərçəkmiş şəxs şikayət və tələbi yoxdur. Bundan başqa zərərçəkmiş şəxs M.A.Heybətovun məhkəməyə təqdim etdiyi ərizə təqdim edərək bildirmişdir ki, hadisə nəticəsində ona dəymiş ziyan siğorta şirkəti tərəfindən ödənilmişdir. Şəxs qarşı şıkayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsiinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış material Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi rayon şöbəsinin 30 yanvar 2023-cü il tarixli, 114 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalına müraciət edərkən ona “baldırın digər dəqiqləşdirilməmiş hissəsinin əzilməsi, sağ baldırın əzilməsi, baş beyinin digər dəqiqləşdirilməmiş zədələnmələri” diaqnozu təyin olunmuşdur. Qeyd olunan dioqnazda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirinindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarı təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs M.A.Heybətovun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hadisə nəticəsində ona dəymiş ziyan siğorta şirkəti tərəfindən ödənilmiş və onun Şəxs qarşı şıkayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, C.Z. Mahmudov 19 yanvar 2023-cü il tarixdə, saat 11:10 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi ilə hərəkətdə olan zaman Bəşir Səfəroğlu küçəsinin kəsişməsində Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 61-ci maddəsini pozaraq “Nissan” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman, ailəli, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, ailəsinin taksi fəaliyyətli ilə məşğul olmaqla dolandırmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları,“törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini,“əmlak vəziyyətini, yeganə qazanc yerinin sürücülük fəaliyyəti olmasını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar