Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1104/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.1-ci maddələri üzrə Nəsimi rayon Polis İdarsəinin 20-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 28 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 26 aprel 2021-ci il tarixdə xüsusi karantin rejiminin tələblərini pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikasının İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X3 izahat verərək göstərdi ki, 26.04.2021-ci il tarixdə Şəxs ünvan 2 ünvanda yeni tikilmiş binanın zirzəmisində fitnes idman salonunu karantin rejiminin tələblərini pozmaqla qanunsuz olaraq işlətmiş, həmin fitnes zalına daxil olan polis əməkdaşlarının polis bölməsinə getmək təklifini əl-qol hərəkətləri etməklə rədd edərək polisin qanuni tələbinə əməl etməmişdir. Lakin sonradan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özü köünllü olaraq polis böölməsinə gələrək etdiyi əməldən peşman olduğunu bildirmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 26.04.2021-ci il tarixdə o, ünvan 2 ünvanda yeni tikilmiş binanın zirzəmisində fitnes idman salonunu işlətmiş və həmin vaxt fitnes idman zallarının işlədilməsinə icazə verilməməsindən xəbəri olmuşdur. Lakin yaranmış maddi vəziyyətlə əlaqədar olaraq qanunun tələbini pozaraq, həmin idman zalını gizli olaraq işlətmiş və oradan əldə etdiyi gəliri özünə və orada olan idman müəllimlərinə vermişdir. Həmin idman zalına əsasən ortaq tanışlar və ya onların tanıdığı digər şəxslər gəlmişdir. Hadisənin baş verdiyi gün idman zalına polis əməkdaşları gəlmiş, o da heç bir etiraz etmədən idman zalının qapısını açaraq polis əməkdaşlarının oraya daxil olmasına şərait yaratmışdır. O, həmin vaxt polis əməkdaşlarının qanuni tələblərini pozmamış və sonradan onu polis bölməsinə dəvət edərkən könüllü olaraq 20-ci Polis Bölməsinə gedərək izahatını vermişdir. Daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda etdiyi əməldən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis əməkdaşının hansı qanuni tələblərinə tabe olmaması məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapdığından inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından sonuncu barəsində həmin maddə ilə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 29 aprel 2021-ci il tarixdən, saat 14:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1104/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1104/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver