Məhkəmə qərarları › İş №3(006)-1110/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1110/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1110/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 mart 2022-ci il tarixli, ******* (00100-0528/22) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1da olan ünvan 1da olan “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına Litva Respublikasının “Uab Tulona” şirkətindən 99NH920/99ZC920 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********3288, **********3610, **********3563, **********3630, **********3647, **********3719, **********3717 və **********3500 sorğu nömrəli, 11.03.2022-ci il tarixli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”na dair çıxarışdan görünür ki, 99NH920/99ZC920 nömrəli nəqliyyat vasitəsilə “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ünvanına göndərilən mallar 08.03.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ünvanına 99NH920/99ZC920 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş mallara dair qısa idxal bəyannaməsi, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Bununla da, “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə bildirmiş ki, “X2 LTD” şirkəti və “Tulona QSC” şirkəti arasında bağlanmış 07 iyun 2013-cü il tarixli, Socl-mat-761/13 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə Satıcı satınalma sifarişində qeyd edilən malları həmin sifarişdə qeyd edilən şərtlərlə Alıcıya təqdim etmək öhdəliyi daşıyır. Qeyd edilən halı təsdiq edən alqı-satqı müqaviləsi və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim edir. Göründüyü kimi protokol tərtib edilərkən qeyd ediən hal nəzərə alınmamışdır. Ona görə də iş üzrə əlavə araşdırma aparılması üçün inzibati xəta haqqında protokolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan “Şəxs” şirkəti ilə “Tulona QSC” şirkəti arasında bağlanmış 07 iyun 2013-cü il tarixli, Socl-mat-761/13 saylı müqavilənin 4.3-cü bəndindən görünür ki, Mal üzərində mülkiyyət hüququ Malın Satıcı tərəfindən Alıcıya Tərəflərin imzaladıqları təhviltəslim aktı əsasında təqdim edildiyi anda keçir. Müqavilənin 5.3-cü bəndindən görünür ki, Satıcı Malı vaxtında alıcıya çatdırmazsa, Alıcının müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ ilə yanaşı təchiz edilməmiş Malın hər gecikmə günü üçün Satıcıdan vaxtında çatdırılmamış Malın 0,03% dəyərində dəbbə pulunu tələb etmək hüququ yaranır. İş materiallarında olan 02 iyun 2021-ci il və 28 iyul 2021-ci il tarixli spesifikasiyaların surətindən görünür ki, müqavilə şərtləri ilə xarici ölkədən sifariş edilən malların çatdırılması “Tulona QSC” şirkətinin üzərinə qoyulmuşdur. Məhkəmə hesab edir ki, “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində müvafiq inzibati araşdırma natamam aparılmış, qısa idxal bəyannaməsinin hansı şirkət tərəfindən Gömrük İdarəsinə verilməsi yəni inzibati məsuliyyətə cəlb edilməli olan subyekt düzgün müəyyən edilmədən “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şirkətin nümayəndəsinin izahatında göstərdiyi hallar üzrə araşdırma aparıldıqdan sonra istinad edilən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkündür. İndiki halda isə qeyd edilən halla bağlı protokolu tərtib edən orqan tərəfindən hər hansı araşdırma aparılmadan və ya natamam şəkildə aparılaq iş məhkəməyə göndərilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının əməlində inzibati xəta hadisəsinin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şirkətin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar