Məhkəmə qərarları › İş №3(006)-1116/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1116/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1116/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 20C, mənzil 142, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 56.020,52 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 22.276,93 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, cəmiyyət ilə Livanda fəaliyyət göstərən “PATCHİ İndustrial Co. S.A.L.” şirkəti arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanılmış və bu müqavilə üzrə xx.xx.2022-ci il tarixli, 156903 saylı invoys əsasında qabaqcadan ödəniş kimi xx.xx.2022-ci il tarixdə həmin şirkətin hesabına 56.020,52 ABŞ dolları məbləğində pul göndərilmişdir. Həmin vəsait hesabına alınan 53.170,86 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunsalar da, 2.849,66 ABŞ dolları dəyərində malın gətirilməsi təmin edilməmişdir. Bununla əlaqədar bankın məktubunu və gömrük bəyannamələrini təqdim edir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə ölkə xaricinə 56.020,52 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan 22.276,93 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Livanda fəaliyyət göstərən “PATCHİ İndustrial Co. S.A.L.” şirkətinin hesabına xx.xx.2018-ci il tarixli müqavilə ilə bağlı xx.xx.2022-ci il tarixli, 156903 saylı invoys əsasında qabaqcadan ödəniş kimi xx.xx.2022ci il tarixdə 56.020,52 ABŞ dolları məbləğində pul göndərilmişdir; • **********4034 saylı gömrük bəyannaməsinə görə “PATCHİ İndustrial Co. S.A.L.” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 32.279,39 ABŞ dolları dəyərində göndərilmiş mallar xx.xx.2024-cü il tarixdə ölkəyə idxal olunmuşdur; • **********0988 saylı gömrük bəyannaməsinə görə “PATCHİ İndustrial Co. S.A.L.” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 35.522,94 ABŞ dolları dəyərində göndərilmiş mallar xx.xx.2024-cü il tarixdə ölkəyə idxal olunmuşdur; • "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1236 saylı məktubda qeyd olunur ki, xx.xx.2018-ci il tarixli “PATCHİ İndustrial Co. S.A.L.” şirkəti ilə Şəxs MMC arasında olan müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə 56.020,52 ABŞ dolları avans köçürmə **********4034 və **********0988 saylı gömrük bəyannamələri banka gec təqdim olunduğu üçün xx.xx.2024-cü il tarixdə qismən bağlanılmış və bu köçürmədə açıq qalan məbləğ 2.849,66 ABŞ dollarıdır. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Livanda fəaliyyət göstərən “PATCHİ İndustrial Co. S.A.L.” şirkəti arasında xx.xx.2018-ci il tarixli müqavilə imzalanmışdır. Bu müqavilə üzrə MMC “BANK RESPUBLİKA” ASC-də olan hesabından həmin şirkətə xx.xx.2022-ci il tarixdə 56.020,52 ABŞ dolları məbləğində pul göndərilmiş və bu vəsait hesabına alınan 53.170,86 ABŞ dolları dəyərində mallar ölkəyə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində vaxtında idxal olunsalar da, 2.849,66 ABŞ dolları dəyərində malın gətirilməsi təmin edilməmişdir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Hazırki işdən göründüyü kimi, geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dollarından azdır, bu da inzibati xəta tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar