Məhkəmə qərarları › İş №3(006)-1117/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1117/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1117/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Mərkəzi Bankın tərtib etmiş: nümayəndəsi Nümayəndə2 oğlunun Barəsində icraat aparılan şəxs: “Crocus Trading”MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 05; qanuni təmsilçisi: X1; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 24.02.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 127.346,00 Avro məbləğində olan vəsaiti bank hesabından 06.02.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, "xxxx" ASC tərəfindən 11.02.2022-ci il tarixli məktubla Mərkəzi Banka ünvanlanmış müraciətdə Şəxs MMC-nin 06.02.2020-ci il tarixdə 127.346,00 Avro məbləğində vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi və 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması, avans yolu ilə ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmaması göstərilmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, şirkət tikinti və lahiyələndirmə işlərini həyata keçirir. 2016-2019-cu illərdə müxtəlif xarici şirkətlərdən böyük məbləğlərdə tikinti və inşaat malları sifariş olunaraq ölkəyə gətirilmiş və onların ödənişləri yalnız bundan sonra hissə-hissə aparılmışdır. Həmin hallardan da biri Şəxs MMC ilə Uelsdə fəaliyyət göstərən “Tradeberg Overseas L.P.” şirkəti ilə bağlanılmış polimer məhsulları ilə bağlı müqavilə üzrə olmuşdur. Onu da qeyd edir ki, “Tradeberg Overseas L.P.” şirkəti də bu müqavilə üzrə öz öhdəliklərinin icrası ilə bağlı digər üçüncü şirkətlərlə əqdlər bağlamışdır. Bu müqavilə ilə bağlı ölkəyə 03 və 04 yanvar 2019-cu il tarixlərdə **********0704, **********0709, **********0721, **********0729, **********0734, **********0741, **********0837, **********0853 və **********1839 saylı gömrük bəyannamələri üzrə idxal olunmuş polivinilxlorid mallarına görə ödəniş 06.02.2020-ci il tarixdə aparılmışdır. Lakin ödəniş tapşırığında köçürmə edilən zaman əməliyyatın təyinatında şirkətin işçisi tərəfindən səhvə yol verilərək bu ”avans”kimi göstərilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan sənədlərə əsasən: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 11.02.2022-ci il tarixli məlumatda Şəxs MMC-nin 06.02.2020-ci il tarixdə 127.346,00 Avro dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Uelsdə fəaliyyət göstərən “Tradeberg Overseas L.P.” şirkətinin hesabına 06.02.2020-ci il tarixdə 127.346,00 Avro məbləğində pul göndərilmişdir; - **********0704, **********0709, **********0721, **********0729, **********0734, **********0741, **********0837, **********0853 və **********1839 saylı gömrük bəyannamələrinə görə Şəxs MMC-yə göndərilmiş ümumilikdə 150.231,25 ABŞ dolları dəyərində mallar 03 və 04 yanvar 2019-cu il tarixlərdə ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ilə Uelsdə fəaliyyət göstərən “Tradeberg Overseas L.P.” şirkəti arasında bağlanılmış müqavilə üzrə həmin şirkətin hesabına 06.02.2020-ci il tarixdə göndərilən 127.346,00 Avro dəyərində mallar hələ 03 və 04 yanvar 2019-cu il tarixlərdə ölkəyə idxal olunmuşlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar