Məhkəmə qərarları › İş №3(006)-1122/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1122/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1122/2025 28.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 iştirakları ilə, xx xxxx 2002-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağstafa rayonu, Qırılı Ə/D, Qırılı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 yanvar 2025-ci il tarixdə ofisiant işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən «Okean» adlı restoranda X2 etibarından istifadə edərək müştərilərin hesablarını artıq göstərərək pullarını dələduzluq yolu ilə ələ keçirmiş, ümumilikdə zərərçəkmiş şəxsə 80 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, o, 29 yanvar 2025-ci il tarixdə kassir işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən «Okean» adlı restoranda ofisiant olaraq işləyən X10 tərəfindən müştərilərin hesablarını artıq göstərərək götürülmüş pulları əlbir olaraq aralarında bölüşdürmüşlər. Həmin vaxt resoranda müdir müavini olan Samir Əliquliyev onların bu əməlini aşkar etmiş və polis əməkdaşlarına məlumat vermişdir. Sonradan polis şöbəsinə gətirilmiş və orada müvafiq izahatı alınmışdır. İzahatının sonunda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən «Okean» adlı restoranda müdir müavini vəzifəsində işləyir. Həmin restoranda ofisiant işləyən X4 vəzifəsində işləyən Şəxs ilə əlbir olaraq müştərilərin hesablarını artıq göstərərək dələduzluq yolu ilə pul əldə etmiş və həmin məbləğləri kassadan kənar aralarında bölüşdürmüşlər. O əvvəl bu barədə şübhələnsə də, qeyd olunan faktları sübut edə bilməmiş, lakin 29 yanvar 2025-ci il tarixdə analoji əməl törədilərkən aşkar etmiş və polis əməkdaşlarına məlumat vermişdir. Halhazırda dəymiş ziyan ödənilməmişdir. Şəxs qarşı şikayətçi olduğunu bildirərək, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 izahatında bildirdi ki, 29 yanvar 2025-ci il tarixdə X5 22-ci Polis Şöbəsinə müraciət edərək, həmin tarixdə müdir müavini olaraq işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən «Okean» adlı restoranda ofisiant işləyən X1 vəzifəsində işləyən Şəxs ilə əlbir olaraq müştərilərin hesablarını artıq göstərərək dələduzluq yolu ilə pul əldə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin müracəti əsasında aparılan araşdırmalar nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs saxlanılaraq izahatı alınmış və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin baş təhqiqatçısı Tariyel Mahmudov tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, X2 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 28 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin maddənin 28.3-1-ci bəndində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar