Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1123/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili (4 saylı Vəkil Bürosunun vəkili) X2, inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 6, məhəllə 554, mənzil 41, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə tərtib olunmuş AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən ünvan 2 ünvanında 26 aprel 2021-ci il tarixdə saat 14:05-də planlı yoxlama keçirilərkən həkim stomatoloq X3 sertifikasiyadan keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X6 izahatında göstərdi ki, 26 aprel 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən guya Şəxs MMC tərəfindən ünvan 2 ünvanında 26 aprel 2021-ci il tarixdə saat 14:05-də planlı yoxlama keçirilərkən həkim stomatoloq X3 sertifikasiyadan keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” qaydalarına və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Lakin planlı yoxlama keçirilərkən qanununvericiliyin normalarına riayət etmədən, əsassız olaraq Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, Tamara Baskaeva 23 iyun 2016-cı il tarixdən etibarən həkim stomatoloq kimi ixtisası üzrə işləmək hüququna malik olmuşdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 aprel 2021-ci il tarixli qərarına əsasən ünvan 2 ünvanında 26 aprel 2021-ci il tarixdə saat 14:05-də planlı yoxlama həyata keçirilərkən Şəxs MMC-nin həkim stomatoloqu X3 sertifikasiyadan keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Həmin yoxlama nəticəsində Səhiyyə Nazirliyinin “X4” X10 tərəfindən 156 nömrəli akt tərtib olunmuşdur. Həmin akt və digər sənədlər əsasında Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, xarici ölkələrdə tibb təhsili almış şəxslərin baza diplomu ilk öncə Təhsil Nazirliyi tərəfindən tanınır və bundan sonra şəxsin həkim mütəxəssis kimi fəaliyyət göstərməsinə o halda icazə verilir ki, həmin diplomu Səhiyyə Nazirliyi tanısın. Baza diplomu əsasında isə yalnız ailə həkimi kimi fəaliyyət göstərmək mümkün olur. Hal-hazırda məhkəmədə mübahisə predmeti olan iş üzrə də Tamara Baskaevanın diplomu Səhiyyə Nazirliyi tərəfindən tanınmadığı üçün hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Səhiyyə Nazirliyinin “X4” X9 156 nömrəli planlı yoxlama aktından görünür ki, Şəxs MMC tərəfindən ünvan 2 ünvanında 26 aprel 2021-ci il tarixdə saat 14:05-də planlı yoxlama keçirilərkən həkim stomatoloq X3 sertifikasiyadan keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, Tamara Baskaeva 23 iyun 2016-cı il tarixdən etibarən həkim stomatoloq kimi ixtisası üzrə işləmək hüququna malik olmuşdur. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.4-cü bəndinə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Məhkəməyə təqdim olumuş sənədlər və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Tamara Baskaeva 23 iyun 2016-cı il tarixdən etibarən həkim stomatoloq ixtisası üzrə işləmək hüququna malik olduğu halda yuxarıda göstərilən hallar nəzərə alınmamış, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xəta törədilmədiyindən sonuncu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1123/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1123/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver