Məhkəmə qərarları › İş №3(006)-1123/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1123/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1123/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, “Port Baku”da anbardar işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 29 fevral 2024-cü il və xx.xx.2024-cü il tarixlərində gecə saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən «Pərviz» marketin qarşısına yığdığı ümumilikdə dəyəri 450-500 manat olan olan meyvələri gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X2 izahatında göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 29 fevral 2024-cü il və xx.xx.2024-cü il tarixlərində ona məxsus ünvan 2 ünvanında yerləşən «Pərviz» marketin qarşısına yığdığı ümumilikdə dəyəri 450-500 manat olan meyvələrin naməlum şəxs tərəfindən oğurlandığını bildirərək, oğurluq etmiş şəxslər barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Polis şöbəsində təhqiqatçı Ceyhun Hüseynov tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs ziyan vurmuş naməlum şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Bundan sonra, aparılmış tədbirlər nəticəsində oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi məlum olmuş və həmin şəxs əməlini etiraf etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 29 fevral 2024-cü il tarixində gecə saat 03:00-da və xx.xx.2024-cü il tarixində gecə saat 04:05-də ünvan 2 ünvanında yerləşən «Pərviz» marketin qarşısına yığılmış ümumilikdə dəyəri 450- 500 manat olan meyvələri gizli yolla oğurlamışdır. Oğurladığı meyvələri tanımadığı şəxslərə paylamışdır. Oğurluq edən zaman içkili olduğu üçün törətdiyi əməli dərk etməmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 29 fevral 2024-cü il və xx.xx.2024-cü il tarixlərində ona məxsus ünvan 2 ünvanında yerləşən «Pərviz» marketin qarşısına yığdığı ümumilikdə dəyəri 450-500 manat olan meyvələrin naməlum şəxslər tərəfindən oğurlandığını bildirərək, oğurluq etmiş şəxslər barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Sonradan polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 mart 2024-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Ceyhun Hüseynov tərəfindən araşdırma aparılaraq, Zərərçəkmiş şəxs ziyan vurmuş naməlum şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 15 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 14 mart 2024-cü il tarixdən, saat 10:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar