Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1125/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin 09 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin 09 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03 may 2020-ci il tarixdə ona Nəsimi RPİ-nin 22-ci PB-nin sahə inspektoru X3 tərəfindən onun xəbəri olmadan barəsində inzibati xəta haqqında tərtib etmiş və həmin protokol əsasında o, 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, sahə inspektoru S.S.Abbasovun qeyri-qanunidir. O, onkoloji xəstəlikdən əziyyət çəkir, buna görə də kimya-terapi alır və həmçinin ikinci qrup əlilldir. Qanuna əsasən hər yerdə maskasız gəzə bilər. Buna görə də ona yazılmış cərimənin ləğv edilməsi xahiş edilmişdir. Bundan başqa, şikayətçi müddəti bərpa ərizəsi ilə müraciət edərək bildirmişdir ki, onun barəsində tərtib edilmiş protokoldan məlumatlı olmadığı üçün qərardan şikayət verə bilməmişdir. Göstərilənləri nəzərə alaraq prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.T.Kərimova şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 22-ci PB-yə lazımi qaydada məlumat verilsə də (01 aprel 2022-ci il tarixli reyestrin 19 sıra nömrəsi ilə), Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 09 may 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, E.T.Kərimova həmin tarixdə, saat 17:36-da epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 09 may 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.T.Kərimova Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 27.10.2021-ci il tarixli “Covid-19” infeksiyası əleyhinə vaksinasiyaya əks göstəriş sertifikatının surətindən görünür ki, 25.07.1973-cü il təvəllüdlü, FİN: 2791CBV nömrəli E.T.Kərimovanın sertifikatının etibarlılıq müddəti 27.03.2022-ci il tarixədək etibarlıdır. İş materiallarında olan rəqəmsal Covid sertifikatının surətindən görünür ki, 25.07.1973-cü il təvəllüdlü, FİN: 2791CBV nömrəli E.T.Kərimovanın sertifikatının etibarlılıq müddəti 04.09.2022-ci il tarixədək etibarlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 18 oktyabr 2019-cu il tarixli ambulator kartdan arayışının surətindən görünür ki, E.T.Kərimovaya ilk dəfə 02.05.2019-cu il tarixində C50.9-Süd vəzisinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan çıxarışdan görünür ki, 29.01.2020-ci il tarixli göndərişinin qiymətləndirilməsinə görə E.T.Kərimova İİ qrup əlil hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, E.T.Kərimovanın barəsində 09 may 2020-ci il tarixdə, saat 17:36-da Nəsimi RPİ-nin 22-ci PB-nin əməkdaşı tərəfindən barəsində həmin tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, şikayətçi barəsində protokol tərtib edilərkən polis əməkdaşı şikayətçinin onkoloji xəstəlikdən əziyyət çəkməsini və buna görə də fərdi qoruyucu vasitələrdən istifadəsinin mümkünsüz olmasını nəzərə almamış, ona qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini, protokola qeyd etmək hüququnu izah etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, E.T.Kərimovanın barəsində protokol tərtib edildikdən sonuncuya polis əməkdaşı tərəfindən protokolun surəti təqdim edilməmiş, ona hüquq və vəzifələri izah olunmamış, onun onkoloji xəstəlikdən əziyyət çəkməsi və buna görə də fərdi qoruyucu vasitələrdən istifadəsinin mümkünsüz olması nəzərə alınmamışdır. Bununla da E.T.Kərimovanın barəsində 09 may 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında əsassız olaraq eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da, E.T.Kərimovanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi E.T.Kərimovanın əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 09 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 09 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1125/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1125/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver