Məhkəmə qərarları › İş №3(006)-1132/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1132/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1132/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Saeid Koleinin iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 27 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 27 aprel 2021-ci il tarixdə, saat 16:00da X1 inzibati binasında hüquqi və fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi, ev 8, mənzil 98 olan Şəxs MMC-yə məxsus stomatoloji kabinetdə həkimstomatoloq kimi çalışan Saeid Koleiniyə aid tibbi sənədlər araşdırılarkən sertifikasiyadan keçmədiyi müəyyənləşdirilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi S.Kolein bildirmişdir ki, “Covid-19” pandemiyası ilə əlaqədar sertifikasiyadan keçməsinə ehtiyac olmadığını düşünmüş, buna görə də nazirliyə müraciət etməmişdir. Göstərilənləri, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 27 aprel 2021-ci il tarixli, 157 A saylı planlı (növbəti) yoxlama aktından görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus stomatoloji kabinetə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X1 yoxlayıcıları X5, X3 və X4 tərəfindən 26 aprel 2021-ci il tarixdə, saat 16:20-də daxil olunmasına baxmayaraq həmin MMC-nin sahibi kimi özünü təqdim edən S.Koleini planlı (növbəti) yoxlama ilə bağlı sənədlərin almadığını əsas gətirərək müvafiq sənədləri növbəti gün təqdim edəcəyini bildirib yoxlamanın keçirilməsinə şərait yaratmamış, bununla bağlı yoxlayıcılar tərəfindən müvafiq akt tərti edilmiş və S.Koleini 27 aprel 2021-ci il tarixdə, saat 16:00-da X1 inzibati binasına gələrək yoxlamaya aid sənədləri təqdim edəcəyini öhdəsiə götürmüşdür. Lakin təyin olunan gün S.Koleini X1 inzibati binasına gəlməsinə baxmayaraq sertifikasiyadan keçməsini təsdiq edən sənəd təqdim edə bilməmişdir. Bununla bağlı Səhiyyə Nazirliyinin insan resursları şöbəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli, 05/19-1275 saylı arayışda S.Koleiniyə tibbi fəaliyyətlə məşğuı olmaq üçün müvafiq şəhadətnamə verilmədiyi qeyd edilmişdir. Həmin zaman S.Koleini izahatında sertifikasiyadan keçməsinin məcburi olması ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən bugünə kimi ona xəbərdarlıq edilmədiyi bildirilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin İnsan Resursları şöbəsinin 27 aprel 2021ci il tarixli, 05/19-1275 saylı məktubundan görünür ki, S.Koleini barədə Səhiyyə Nazirliyinə müraciət olunmamış və ona tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə müvafiq şəhadətnamə verilməmişdir. S.Kolein barəsində məlumatlar “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”nə daxil edilməmişdir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, 27 aprel 2021-ci il tarixdə, saat 16:00-da X1 inzibati binasında hüquqi və fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi, ev 8, mənzil 98 olan Şəxs MMC-yə məxsus stomatoloji kabinetdə həkim-stomatoloq kimi çalışan Saeid Koleiniyə aid tibbi sənədlər araşdırılarkən sertifikasiyadan keçmədiyi müəyyənləşdirilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar