Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1134/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin tərtib etmiş: icra məmuru X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 165-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 01.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.07.2016-cı il tarixli, 2(008)-5444/2016 saylı icra sənədinə görə X3, X2 və Şəxs müştərək qaydada 24.240,55 ABŞ dolları əsas, 4.011,63 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Borclu Şəxs tərəfindən bu tələb icra olunmamış və ona məxsus nəqliyyat vasitəsini icra məmuruna təhvil verməkdən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.07.2016-cı il tarixli, 2(008)- 5444/2016 saylı icra sənədinə görə X3, X2 və Şəxs müştərək qaydada 24.240,55 ABŞ dolları əsas, 4.011,63 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu Şəxs icra sənədini icra etməmiş, icradan yayınmışdır. Yalnız onun barəsində axtarış elan olunduqdan sonra o, icra şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, əvvəllər "xxxx" MMC, hazırda isə "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. 2019-cu ilin dekabr ayında özünə məxsus olan “DAEWOO BS090” markalı, **-SF-*** dövlət qeydiiyat nişanlı avtobusu satmaq istəyərkən X15 İdarəsindən ona bildirmişlər ki, həmin nəqliyyat vasitəsinin üzərində həbs qoyulub. O da məsələ ilə bağlı maraqlanmış və yalnız bundan sonra bilmişdir ki, bu həbs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.07.2016-cı il tarixli, 2(008)-5444/2016 saylı icra sənədinə görə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən qoyulub. Bu vaxta kimi onun həmin icra sənədindən məlumatı olmamışdır. Bildirir ki, X10 "xxxx" QSC-dən 7-8 il bundan əvvəl kreditə pul götürmüş, o və X9 ona zamin durmuşlar. Ona görə də o, həmin vaxtı X7 müraciət edərək öz məsələsini təcili olaraq həll etməsini və onun avtomobilini həbsdən azad olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. Çünki, avtobusun satışı ilə bağlı o, artıq beh pul almışdır. Asif Həsənov da öz borcunu hissə-hissə ödədiyini deyərək yaranmış məsələ ilə bağlı icra məmuru Azər Heydərovun yanına gəlmiş və daha sonra ona zəng vurub bildirmişdir ki, icra məmuru avtobusun üzərindən həbsi götürmək üçün 1.000 manat pul istəyir, onun isə yalnız 500 manatı var. O da işin həll olunmasına görə Asifə 500 manat vermiş, Asif də ümumilikdə 1.000 manat pulu icra məmuruna verərərək ondan avtobusun üzərindən həbsin götürülməsinə dair X15 İdarəsinə ünvanlanmış məktubu alıb ona vermişdir. O da bu sənədi aidiyyəti üzrə təqdim edərək 28.12.2019-cu il tarixdə avtobusu satmışdır. Ötən ilin aprel ayında icra şöbəsində olan zaman vediyi izahatında icra məmuruna bir daha söyləmişdir ki, X10 öz borcunu ödəyir və bankla 2022-ci ilin avqust ayına kimi razılığı var. İcra məmuru tərəfindən ona bildirilmişdir ki, daha onunla bağlı heç bir problem olmayacaq. O da buna görə arxayın olmuş və bu müddətdən sonra ona heç kim axtarmamış, ünvanına hər-hansı sənəd gəlməmişdir. Ancaq, 2-3 gün bundan əvvəl ailə üzvləri ilə birlikdə toy məclisinə gedərkən yolda polis əməkdaşları onu saxlayıb bildirmişlər ki, o, Nəsimi rayon İcra şöbəsi tərəfindən axtarışa verilib. Bununla əlaqədar şöbə ilə maraqlananda ona məlum olmuşdur ki, icra məmuru Azər Heydərov onu sözügedən icra sənədinə görə axtarışa verib. O da təcili olaraq əsas borclu olan X10 ilə əlaqə saxlamış, sonuncu da öz məsələsini artıq həll etdiyini, banka 24.000 ABŞ dolları ödədiyini və qalan məbləğin də bu ilin avqust ayına kimi ödəyəcəyi barədə "xxxx" QSC-nin razılıq məktubunu Sabunçu rayon İcra şöbəsinə təqdim etdiyini demişdir. Eyni zamanda Asif Həsənov ona bildirmişdir ki, özü icra məmuru Azər Heydərovla əlaqə saxlayıb ona məlumat verəcək. Lakin bu gün Asif ona zəng vurub bildirmişdir ki, icra məmuru onun üzərindən axtarışın götürülməsi üçün 1.000 manat pul istəyir. O da icra məmurunun qanunsuz tələblərinə əsəbiləşib özü şəxsən Nəsimi rayon İcra şöbəsinə gəlib öz iradını bildirmişdir. Aralarında yaranmış bu mübahisəyə görə icra məmuru Azər Heydərov onun barəsində protokol tərtib etmiş, o da protokola icra məmurunun qanunsuz hərəkətləri barədə öz qeydini vermişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru N.Abuşov tərəfindən qəbul edilmiş 05.10.2016-cı il tarixli qərarla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.07.2016-cı il tarixli, 2(008)-5444/2016 saylı icra sənədi üzrə Şəxs barəsində icraat başlanılmışdır; - Baş X15 İdarəsindən 07.11.2016-cı il tarixdə icra şöbəsinə daxil olmuş 016- 107632-1716 saylı məktubda Şəxs mülkiyyətində olan nəqliyyat vasitələri barədə məlumat verilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.05.2018-ci il tarixli qərardadı ilə Şəxs mülkiyyətində olan “İsuzu Urban” markalı, **-TF-*** və **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusların üzərlərinə həbs qoyulmuşdur; - Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən 06.12.2019cu il tarixdə qəbul edilmiş qərarla borclu Şəxs məxsus “Daewoo BS090” markalı, **-SF-*** və “Mercedes-Benz 208D” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtobusların üzərlərinə “İcra haqqında” Qanunun 45-ci maddəsinə uyğun olaraq həbs qoyulmuş və həmin tarixdə bu barədə Baş X15 İdarəsinə 20872- 130352/2016-5-1 saylı məktub göndərilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli qərardadı ilə Şəxs mülkiyyətində olan “Daewoo BS090” markalı, **-SF-*** və “Mercedes-Benz 208D” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtobusların üzərlərinə həbs qoyulmuşdur; - Baş X15 İdarəsi tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 14.03.2020ci il tarixli, 016-250034-1220 saylı məktubda “Daewoo BS090” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtobusun 28.12.2019-cu il tarixdə Şəxs adından çıxarılaraq özgəninkiləşdirilməsi qeyd olunmuşdur; - Şəxs Nəsimi rayon İcra şöbəsinə verdiyi 01.04.2021-ci il tarixli izahatında qeyd edir ki, zamin dayandığı Həsənov Asif hissə-hissə ödədiyinə görə bankla razılaşıb, borc 2022-ci ilin avqust ayına tam bağlanacaq. “Mercedes-Benz 208D” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtobusu 2014-2015-ci illərdə satıb; - İcra məmuru Azər Heydərov tərəfindən qəbul edilmiş 27.04.2021-ci il tarixli qərarla Şəxs barəsində axtarış elan edilmişdir. - “Şəxsi kartoçka”dan görünür ki, Şəxs "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, aylıq əmək haqqısı 500 manat təşkil edir, mülkiyyətində 4 ədəd “Daewoo BS090” markalı və 1 ədəd “Mercedes-Benz 208D” markalı avtobuslar var. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, icra məmuru tərəfindən iş üzrə əsas borclu olan şəxs X4 icra sənədi üzrə ödənişlərin həyata keçirilibkeçirilməməsinə və tələbkarla razılıq əldə olunmasına dair məsələ tam öyrənilməmiş, bundan əlavə Şəxs mülkiyyətində olan “Daewoo BS090” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtobusun üzərinə həbsin qoyulmasına baxmayaraq, hansı səbəbə görə bu nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsinə icra məmuru ətraflı izah verə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1134/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1134/2022
01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver