Məhkəmə qərarları › İş №3(006)-1140/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1140/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1140/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 11 avqust 1983-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 aprel 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 16 mart 2021-ci il tarixdə, saat 18:15-də etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Füzuli küçəsindən hərəkət edərək S.Vurğun küçəsi ilə yolayrıcında sağa dönərkən ehtiyatsızlıq etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 5-ci hissəsinin tələbini pozmuş, nəticədə piyada keçidi ilə yolu keçən Türkiyə Respublikasının vətəndaşı X6 vuraraq ona sağlamlığa yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 16 mart 2021-ci il tarixdə, saat 18:15 radələrində etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Füzuli küçələrinin kəsişməsində piyadaçılar üçün nəzərdə tutulmuş piyada keçidində bir nəfər piyadaçıya toxunmuş, dərhal avtomobili saxlayıb həmin şəxsi avtomobilinə əyləşdirib xəstəxanaya aparmış və sonuncuya orada ilkin tibbi yardım göstərilmişdir. Daha sonra həmin şəxsi xəstəxanadan evə buraxmışlar. Göstərilənləri, həmçinin özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərərçəkmiş şəxs X7 qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-nin vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin 06 aprel 2021-ci il tarixli, 209 saylı sağlamlığa zərər vurmanın təyini ekspertizasının rəyindən görünür ki, X7 16.03.2021-ci il tarixdə tibbi yardım üçün X3 müraciət etmiş və ona “sağ aşıq-baldır oynağı bağlarının gərilməsi və zədələnməsi” diaqnozu qoyulmuşdur. X1 sağ ayağının bayır topuq və pəncə nahiyəsində ödem-şişkinlik, hərəkət zamanı ağrı və bağ zədələnməsinin olması qeyd edilmiş və xəstəyə 4 həftəlik ayaq biləkliyi istifadəsi və digər lazımi məsləhətlər verilmişdir. X5 tibbi yardım üçün X3 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 16.03.2021-ci il tarixdə bədənində qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X5 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının X6 vurması nəticəsində əmələ gələ bilmələri mümkündür. İş materiallarında olan 16 mart 2021-ci il tarixli, 2/3371 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, K.D.Hüseynov həmin tarixdə ayıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 16 mart 2021-ci il tarixdə, saat 18:15-də Şəxs etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-MS- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Füzuli küçəsindən hərəkət edərək S.Vurğun küçəsi ilə yolayrıcında sağa dönərkən ehtiyatsızlıq etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 5-ci hissəsinin tələbini pozmuş, nəticədə piyada keçidi ilə yolu keçən Türkiyə Respublikasının vətəndaşı X6 vuraraq ona sağlamlığa yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 5-ci hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yeganə qazanc yerinin sürücülük fəaliyyəti olmasını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar