Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1145/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Şəxs direktoru X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin Məhkəmə və inzibati işlər bölməsinin rəisi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə müəyyənetdi: Protokola əsasən Şəxs təsisçisi “Headhunter FSU Limited” şirkətinin hüquqi ünvanının dəyişməsi barədə məlumat 40 (qırx) iş günü keçdikdən sonra qeydiyyat orqanına təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs direktoru X2 izahatında göstərmişdir ki, Şəxs yeganə təsisçisinin yurisdiksiyasının dəyişdirilməsi ilə əlaqədar olaraq Cəmiyyətin təsis sənədlərinə edilmiş dəyişikliklərin qeydiyyata alınmasi üçün Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilmişdir. Bununla əlaqədar təsisçinin 20 fevral 2025-ci il tarixli qərarı və digər sənədlər Dövlət Vergi Xidmətinə səlahiyyətli nümayəndəsi vasitəsilə təqdim edilmişdir. Dövlət Vergi Xidmətinin əməkdaşı qeyd olunan sənədləri qəbul etmiş, lakin səlahiyyətli nümayəndəyə Cəmiyyətin təsisçisinin hüquqi ünvanının dəyişməsi barədə məlumatın 40 (qırx) iş günü keçdikdən sonra qeydiyyat orqanına təqdim edildiyini bildirmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinin tələblərinin pozulmasına dair 21 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati protokol tərtib etmişdir. Qeyd edir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 560-İİQ nömrəli, 12 dekabr 2003-cü il tarixli Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Lakin həmin Qanunda dəyişikliyin baş verdiyi anın hansı tarixdən hesablanması birbaşa nəzərdə tutulmayıb və formalaşmış təcrübəyə əsasən Dövlət Vergi Xidməti dəyişikliyin baş verdiyi anı Cəmiyyətin təsisçisinin qərarının tarixindən hesablayır. Qeyd olunanlara əsasən hesab edirlər ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin Məhkəmə və inzibati işlər bölməsinin rəisi X3 izahatında bildirdi ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cü maddəsinin tələbinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Şəxs təsisçisi “Headhunter FSU Limited” şirkətinin hüquqi ünvanının dəyişməsi barədə məlumat 40 (qırx) iş günü keçdikdən sonra qeydiyyat orqanına təqdim edilmişdir. İzahatının sonunda Şəxs MMC barəsində tərtib olunmuş 21 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun qanuni və əsaslı olduğunu bildirərək, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin və həmin ərizənin əlavəsinin surətindən görünür ki, qeydiyyat məlumatlarında dəyişiklik edilməsi ilə bağlı Şəxs Dövlət Vergi Xidmətinə müracət etmiş və hüquqi ünvanda dəyişiklik edilməsi barədə kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin əlavəsində qeyd olunmuşdur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cü maddəsinin tələbinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati cəza tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5,43, 115, 117, 128, 129 və 130-cumaddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1145/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1145/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver