Məhkəmə qərarları › İş №3(006)-1148/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1148/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1148/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Qərardan şikayət vermiş şəxs: X3 vəkili Vəkil iştirakları ilə X3 vəkili Vəkil Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətdə göstərilmişdir ki, X4 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə təqsirli bilinərək 5.000 manat məbləğində cərimə olunmuşdur. Qərarın qəbul olunmasına əsas kimi isə 01 noyabr 2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən ünvan 1-də yerləşən “Man Laser” studiyasında lisenziya olmadan özəl tibb fəaliyyətinin (kosmetoloji) göstərilməsi faktının aşkar olunması qeyd olunmuşdur. Lakin bildirilir ki, Dövlət Vergi Xidməti tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmiş, vergi xidməti tərəfindən bundan verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, ünvan 1 ünvanında fəaliyyət göstərən “Man Laser” studiyasında lisenziya olmadan özəl tibb fəaliyyətinin (kosmetoloji) göstərilməsi faktı öz təsdiqini tapmamışdır. Bununla belə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tam, obyektiv və hərtərəfli araşdırma aparmadan, vergi orqanı tərəfindən formal qaydada tərtib edilmiş sənədlərə istinad edərək əsassız olaraq X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və bu zaman işə baxılarkən ona məlumat verilməmiş, dəvət olunaraq izahat vermək, məsələ barədə mülahizələrini təqdim etmək imkanı yaradılmamışdır. Qeyd olunanları nəzərə alaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında X3 müdafiəçisi Vəkil şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarından şikayət olunan qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarına əsasən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən “Man Laser” studiyasında X4 lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5.000 manat məbləğində cərimə edilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-4142/2022 saylı qərarı ilə Dövlət Vergi Xidməti tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma) ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); - inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); - inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); - inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə). Göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar