Məhkəmə qərarları › İş №3(006)-1151/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1151/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1151/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva ev 55; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 462.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2021-ci il üzrə 2022-ci ildə maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmiş, bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC-yə məxsus «Megafun» uşaq əyləncə mərkəzi ölkədə davam edən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması ilə əlaqədar fəaliyyət göstəməmişdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən işçilərin əmək haqqısı saxlanılmaqla işdən çıxarılmasına icazə verilməmişdir. Bu səbəbdən MMC tərəfindən 2021-ci il üzrə 2022-ci ildə maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilməmişdir. Qeyd olunanlara dair müvafiq sənədləri təqdim edib şirkətin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli bildirişindən görünür ki, Şəxs MMC 2021-ci il üzrə 2022-ci ildə maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə xx.xx.2021-ci il tarixdən gec olmayaraq təşkilatın rəsmi səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində xx.xx.2023-cü il tarixdə saat 10:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsinə əsasən Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərti ilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Həmin Qanunun 16.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarının 1.1.8-ci bəndinə əsasən istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisi də daxil olmaqla) fəaliyyətinin dayandırılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 mart 2022-ci il tarixli, 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi, “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli, “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 8 avqust tarixli 287 nömrəli qərarlarının ləğv edilməsi və bununla bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərarının 2.5-11.2-ci bəndinin 1-ci hissəsinə əsasən mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyətləri ləğv edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, 12 sentyabr 2020-ci il tarixdən 05 mart 2022-ci il tarixədək ölkə ərazisində uşaq əyləncə məkanlarının fəaliyyəti dayandırıldığından Şəxs MMC-yə məxsus «Megafun» uşaq əyləncə mərkəzi fəaliyyət göstərməmişdir. Belə olan halda, Şəxs MMC 2021-ci il üzrə 2022-ci ildə maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməməsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilməməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 43, 53, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar