Məhkəmə qərarları › İş №3(006)-1160/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1160/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1160/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nümayəndələri X1 və X3 iştirakları ilə, Şəxs Mənzil-Tikinti Kooperativi (bundan sonra Şəxs MTK), (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev 208; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 394.0.7-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, S.Zeynalov və M.Qaşqay küçələrinin kəsişməsində yeraltı avtodayanacağın tikintisinin dayandırılması barədə 0946 nömrəli, xx.xx.2022-ci il tarixli qərara əməl edilməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nümayəndələri X1 və X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs MTK-nın barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndələrinin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MTK Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs MTK həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 0946 nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, S.Zeynalov, R.Axundov və M.Qaşqay küçələrinin kəsişməsində yeraltı avtodayanacağın bünövrə çalasının qazıntısı təsdiqlənmiş layihəyə uyğun qazılmadığından tikintinin dayandırılması qərara alınmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tikinti işlərin aparıldığı müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsinə əsaəsn tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə - https://www.e-qanun.az/framework/46960 fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MTK-nın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MTK-nın törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Şəxs MTK-ya inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bu Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd olunan Məcəllənin 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-117-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MTK Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində inzibati cərimə edilsin. Şəxs MTK-ya bu cərimə şərti olaraq tətbiq edilsin və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs MTK bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar