Məhkəmə qərarları › İş №3(006)-1165/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1165/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1165/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 187, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə tərtib olunmuş 11.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 11.03.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 və X9 2021-ci ilin dekabr ayının 22-dək, X6 isə 2021-ci ilin dekabr ayından 2022-ci ilin yanvar ayınadək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla razı deyillər. Belə ki, “Mirvari Park” yaşayış kompleksinin qarajında oğurluq hadisəsi baş vermişdir. Maşın sahibi polisə şikayət etmiş, polis həmin binada işləyən mühafizəçiləri dindirmişdir. Ehtimal etmişdir ki, həmin mühafizəçilər Şəxs MMC-nin işçiləridir. Lakin Şəxs MMC-nin həmin bina ilə heç bir əlaqəsi yoxdur. Şəxs MMC “Gilan” şirkətinin tikdiyi binalardakı mənzillərin satışı ilə məşğul olur və 15 ildir ki, fəaliyyət göstərir. Mühafizəçilərin izahatlarında da Şəxs MMC-nin adı çəkilmir. Əsas gətirdikləri sənəd kassa mədaxil orderidir. Həmin kassa mədaxil orderinə aidiyyəti olmayan sənədi skan edib belə bir görünüş yaradıblar ki, guya bu Şəxs MMC-yə aid olan sənəddir. Əmək müfəttişliyi heç bir araşdırma aparmadan, heç kəsdən izahat almadan Şəxs MMC barədə protokol tərtib etmişdir. Onlar binanın idarəetməsi ilə məşğul olmurlar, yalnız həmin binadakı mənzillərin satışı ilə məşğul olublar. Qeyd edilən müqavilənin əslini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin X8nə ünvanladığı 05.02.2022-ci il tarixli məktubdan görünür ki, “Mirvari Park” yaşayış kompleksində mühafizəçi vəzifəsində xidmət edən 22.12.2021-ci il tarixdə yaşayış kompleksinin parkinqinə növbədə olmuş 29.07.1990-cı il təvəllüdlü X9, 10.06.1999-cu il təvəllüdlü X5 və 1997-ci il təvəllüdlü X6 ilə heç bir əmək müqaviləsi bağlamadan həmin yaşayış kompleksində mühafizəçi kimi xidmətə cəlb olunmuşlar. Bununla bağlı araşdırma aparıb qanuni qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan X2 Yasamal RPİ-nin 28-ci Polis Bölməsində verdiyi izahatdan görünür ki, o, “Mirvari Park” yaşayış kompleksində mühafizəçi vəzifəsində işlədiyini bildirmişdir. İş materiallarında olan 4630 saylı, 03.12.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən həmin orderin məhz Şəxs MMC tərəfindən təqdim edilməsi müəyyən edilmir. İş materiallarında olan X3 Yasamal RPİ-nin 28-ci Polis Bölməsində verdiyi izahatdan görünür ki, o, 2021-ci ilin dekabr ayından 2022-ci ilin yanvar ayınadək “Mirvari Park” yaşayış kompleksində mühafizəçi vəzifəsində işlədiyini bildirmişdir. İş materiallarında olan X7 Yasamal RPİ-nin 28-ci Polis Bölməsində verdiyi izahatdan görünür ki, o, “Mirvari Park” yaşayış kompleksində mühafizəçi vəzifəsində işlədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 44-cü maddəsinin 1 və 3-cü hissələrinə uyğun olaraq əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Beləliklə, məhkəmə iclasında 29.07.1990-cı il təvəllüdlü X9, 10.06.1999-cu il təvəllüdlü X5 və 1997-ci il təvəllüdlü X3 Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər və təkzibedilməz dəlillərlə öz təsdiqini tapmadığından qurum barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43- 48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar