Məhkəmə qərarları › İş №3(006)-1171/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1171/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1171/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayət vermiş şəxs: X2 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 07 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə doğru hərəkətdə olarkən yaranmış tıxac zamanı onun idarə etdiyi “Mercedes-Benz E220 Minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil İ.İbayevə məxsus, “Ford” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Lakin bundan sonra onlar hadisə yerində aralarında razılığa gəlib oradan uzaqlaşmış və heç bir problem olmamışdır. 22.04.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə 4 bal yazılaraq 100 manat məbləğində cərimə olunduğunu öyrənmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində əsassız qəbul edilmiş 22.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X4 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  Bakı şəhəri Nəsimi Rayon Dövlət X9 tərəfindən tərtib edilmiş 13.04.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola əsasən X4 idarə etdiyi “Mercedes-Benz E220 Minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “20 Yanvar” dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə doğru hərəkətdə olarkən düzgün ara məsafəsi seçməyərək ondan qarşıda dayanan “Ford” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vuraraq oradan uzaqlaşmaqla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir;  Bakı şəhəri Nəsimi Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 idarə etdiyi “Mercedes-Benz E220 Minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 07 aprel 2021-ci il tarixdə, saat 12:30-da Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanva”r dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə doğru hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri üzrə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən:  Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə);  İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi);  İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə);  İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə);  İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). Məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Dövlət X9 tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin hadisə ilə bağlı izahatı olmadan, törətdiyi xətanın mövcudluğuna və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar