Məhkəmə qərarları › İş №3(006)-1175/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1175/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1175/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin 31 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin 31 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi B.N.Hasəliyev ərizəsini onunla əsaslandırmışdır ki, o, 31 mart 2022-ci il tarixdə 28 May, Behbudov küçəsi ilə hərəkətdə olan zaman Bakı şəhər DYP inspektrou polis kapitanı X4 tərəfindən saxlanılmış, maşının cərimə meydançasına aparılmasının əmrini vermişdir. Buna isə o, maşının ön (qabaq) dövlət qeydiyyat nömrəsini olmamasını səbəb gətirmiş və onu şəhər qayısının 2-ci otağında olan polis mayoru Elçin Qasımovun yanına göndərmişdir. Nömrəsinin olmaması, yəni yerində yerləşdirilməməsinin səbəbini soruşduqda o, mayora 22.03.2022-ci ildə Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verdiyini və maşının nömrə bağlanan yeri zədələndiyindən düşüb itməsin deyə salona qoyduğunu bildirmişdir. Belə ki, həmin hadisə nəticəsində ona polis tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin o, ona tətbiq edilmiş tənbehlə razı deyil, belə ki, onun törətdiyi xəta ilə bağlı heç bir əlaqəsi yoxdur. Ona tətbiq edilən İXM-nin maddəsi 342.7-ci maddə ilə deyil 342.1.3-cü maddəsi ilə, yəni “dövlət qeydiyyat nişanlarının yerində olmaması” yazılmalıdır. Lakin ona İXM-nin ağırlaşdırıcı hal olaraq 342.7-ci maddə 60 manat 4 bal cərimə yazıblar. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin 31 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi B.N.Hasəliyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, ilkin olaraq inzibati xəta hadisəsi 22 mart 2022-ci il tarixdə, Xətai rayonu ərazisində baş vermişdir. Belə ki, hadisə nəticəsində onun avtomobilinin ön hissəsində yerləşdirilən nömrəsi qırılaraq yerə düşmüş, o, da nömrə itməsin deyə qırılan nömrəni arxa yük yerinə atmışdır. O, hərbçidir, işə gedərkən polis əməkdaşı onu saxlayaraq nömrəsinin harada olmağını soruşmuş, o sonuncuya nömrənin arxa yük yerində olmasını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, aktlaşdırılaraq avtomobil cərimə meydançasına aparılmışdır. O, hadisə olandan sonra nəqliyyat vasitəsinin zədələnmiş hissəsi ilə bağlı arayış almamışdır. 27 mart 2022-ci il tarixdə Xətai RPİ-yə getmiş, orada ona cərimə yazılmışdır. Həmçinin bildirmişdir ki, nömrəni ön şüşənin qabaq hissəsinə qoymamasının səbəbi nömrənin şüşəni cızması ilə əlaqəli olmuşdur. O, özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli bilir. Belə ki, o, nömrəni çıxartmamışdır. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ X8 İdarəsinin nümayəndəsi N.V.Ələkbərzadə şikayətlə razılaşmayaraq bildirmişdir ki, B.N.Hasəliyev avtomaşının ön nəmrəsini salonda ön şüşənin qabağına qoymalı olduğu halda qəsdən çıxardıb arxa yük yerinə qoymuşdur. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin 31 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin 31 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, B.N.Hasəliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, B.N.Hasəliyev “KİA CEED” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadan nəqliyyat vasitələrini idarə etmiş, qeyd edilən inzibati xəta hadisəsi 24 mart 2022-ci il tarixdə 28 May, Behbudov küçəsində YPX inspektoru tərəfindən aşkar edilmiş, buna görə də, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. B.N.Hasəliyev inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından həmin protokola 31 mart 2022-ci il tarixdə baxılmış və Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin 31 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, həmin maddə ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmiş və həmçinin sonuncunun nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilmişdir. Bundan başqa məhkəməyədək araşdırma zamanı B.N.Hasəliyev izahatında təsdiq etmişdir ki, 22 mart 2022-ci il tarixdə inzibati xəta hadisəsinin baş verməsi nəticəsində idarə etdiyi nəqliyyat vasitəsinin ön nömrə yeri zədələndiyindən o, nömrəni yerinə bərpa etməmiş və iki gün müddətində avtomobili idarə etmişdir. “X7” Azərbaycan Respublikasının Qanunun 29.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 342.1.3-cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasıdır. Həmin Məcəllənin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə - altmış manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əmələ gəlməsi üçün dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması, həmin Məcəllənin 342.7-ci maddəsində isə dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmaması imperativ norma kimi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər DYPİ-nin inspektoru B.N.Hasəliyevə məxsus “KİA CEED” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayarkən dövlət qeydiyyat nişanı onun üçün nəzərdə tutulmuş yerdə və ya nəqliyyat vasitəsinin salonunda on şüşənin arxasında olmamış və həmin faktda məhkəmə iclasında sonuncunun ifadəsində də öz təsdiqini tapmışdır. Belə ki 22 mart 2022-ci il tarixdə, Xətai rayonu ərazisində baş vermiş inzibati xəta hadisəsi zamanı **-DY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön nişanı üçün nəzərdə tutulmuş yer zədələnmiş və B.N.Hasəliyev nişanı yerinə bərpa etmədən qəsdən iki gün müddətində nəqliyyat vasitəsini idarə etmişdir. Bununla da məhkəmə hesab edir ki, B.N.Hasəliyev tərəfindən dövlət qeydiyyat nişanını yerinə bərpa etmədən qəsdən iki gün müddətində nəqliyyat vasitəsini idarə etməsi, həmçinin nişanın nəqliyyat vasitəsində görünmədiyi bir yerdə yəni arxa yük yerində saxlaması dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin 31 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan B.N.Hasəliyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin 31 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar