Məhkəmə qərarları › İş №3(006)-1177/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1177/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1177/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən tərtib edilmiş 04 aprel 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən tərtib edilmiş 04 aprel 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, barəsində qəbul edilmiş EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razılaşmır. Belə ki, o, 24 iyul 2019-cu il tarixdən 02 iyul 2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Kəlbəcər rayonu uğrunda gedən döyüş əməliyyatlarında 27.09.2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissəsinin tərkibində iştirak etmişdir. Yəni Murov hərbi hissəsində yaralanmış, lakin hospitalda tibb məntəqəsinə getməmiş və əsgərlikdən gəldikdən sonra Heydər Əliyev fonduna müraciət etmişdir. Həmin fondun əməkdaşları yoxlanışlara göndərmiş və öz təsdiqini tapdıqdan sonra burnundan və dişlərindən əməliyyat olmuşdur. Daha sonra burnu sağaldıqdan sonra müalicə olunmuş və briket taxılacaqdır. Metroda həmin halları polis əməkdaşına deməsinə baxmayaraq sonuncu tərəfindən ona cərimə yazılmışdır. Polis əməkdaşı ondan yaralanma kağızı istənilsə də o, hospitalda qeydiyyata düşmədiyi üçün kağızı təqdim edə bilməmişdir. Hal-hazırda X2 X6 tərəfindən ona verilmiş vəsiqəni məhkəməyə təqdim edir. Göstərilənlərə əsasən Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən tərtib edilmiş 04 aprel 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi İ.Ç.Rzayev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Metropolitenində PŞ-yə lazımi qaydada və məlumat verilsə də, Bakı Metropolitenində PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə Bakı Metropolitenində PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 04 aprel 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İ.Ç.Rzayev həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Əcəmi” metrostansiyasında olarkən Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmiş və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İ.Ç.Rzayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X2 X6 tərəfindən verilmiş 12.12.2022-ci il tarixli, 2123 nömrəli vəsiqənin surətindən görünür ki, İ.Ç.X4 iştirakçısıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.Ç.Rzayevin barəsində Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ilə bağlı polis əməkdaşı tərəfindən 04 aprel 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İ.Ç.Rzayevin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun həmin zaman tibbi maskadan istifadə etməsi, burnundan əməliyyat olması nəzərə alınmamış və sonuncunun barəsində polis əməkdaşı tərəfindən əsassız olaraq protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və İ.Ç.Rzayevin barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Metropolitenində Polis Şöbəsində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən tərtib edilmiş 04 aprel 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2022-ci il tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Metropolitenində Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən tərtib edilmiş 04 aprel 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı Metropolitenində Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar