Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-118/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 18, mənzil 54; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 22.133,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Eyni zamanda “elektron kabinet” vasitəsilə Şəxs MMC-nin direktoru məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Təqdim edilmiş materiallara əsasən: "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2021-ci il tarixdə ölkə xaricinə 22.133,00 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “CANADA GREEN GATE KOZMETİK URUN SANAYİ, TİCARET A.S.” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli, CND2021-VL-01 saylı müqavilə ilə bağlı xx.xx.2021-ci il tarixli, CND2021-468 saylı invoys əsasında qabaqcadan ödəniş kimi xx.xx.2021-ci il tarixdə 22.133,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; 01211000281707 saylı gömrük bəyannaməsinə görə “CANADA GREEN GATE KOZMETİK URUN SANAYİ, TİCARET A.S.” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına xx.xx.2021-ci il tarixli, CND2021-VL-01 saylı müqavilə ilə bağlı 22.133,00 ABŞ dolları dəyərində göndərilmiş mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. Bu barədə "xxxx" ASC tərəfindən müvafiq qeyd aparılmışdır. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “CANADA GREEN GATE KOZMETİK URUN SANAYİ, TİCARET A.S.” şirkəti arasında xx.xx.2021-ci il tarixli, CND2021-VL-01 saylı müqavilə imzalanmışdır. Bu müqavilə üzrə şirkət "xxxx" ASC-də olan hesabından qabaqcadan ödəniş kimi həmin şirkətə xx.xx.2021ci il tarixdə 22.133,00 ABŞ dolları məbləğində pul göndərilmiş və bu vəsait hesabına alınan mallar ölkəyə tam şəkildə idxal olunmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-118/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-118/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver